20 Yanvar faciəsi Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə tarixində mühüm mərhələdir
Bakı, 21 yanvar (AZƏRTAC). Pekində Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı səfirliyi və onun nəzdində fəaliyyət göstərən “Şuşa” Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 20 Yanvar faciəsinin 21-ci ildönümü münasibətilə tədbir keçirilmişdir.
Səfirlikdən AZƏRTAC-a bildirmişlər ki, tədbirdə səfirliyin əməkdaşları və ailə üzvləri, Çində fəaliyyət göstərən azərbaycanlı iş adamları və Pekində təhsil alan azərbaycanlı və xarici tələbələr, Çində akkreditə olunmuş xarici ölkələrin diplomatik missiyalarının təmsilçiləri, ölkə ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Səfirliyin müşaviri Bayram Həsənov mərasimdə çıxış edərək ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar siyasəti və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığı, xalqımıza qarşı törədilən faciə haqqında geniş məlumat vermiş, 20 Yanvar hadisələrinə hüquqi-siyasi qiymət verilməsində ümummilli liderimiz Heydər Əliyevin əvəzsiz rolundan ətraflı danışmışdır.
Diplomat qeyd etmişdir ki, 1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak olan Vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar.
Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Daha sonra 20 Yanvar hadisələrinə həsr olunmuş film nümayiş etdirilmişdir. Tədbir zamanı faciədən bəhs edən fotosərgi nümayiş olunmuşdur.
Həmçinin, səfirlik tərəfindən hazırlanmış 20 Yanvar hadisələrinə aid mətbuat bülleteni Çində akkreditə olunmuş diplomatik nümayəndəliklərə, ölkənin dövlət orqanları və araşdırma institutlarına (Çin Beynəlxalq Problemlər İnstitutu, Çin Müasir Beynəlxalq Münasibətlər İnstitutu, Rusiya, Şərqi Avropa və Orta Asiya Araşdırma İnstitutu və Çin Sosial Elmlər Akademiyası), yerli və xarici mətbuat orqanlarına göndərilmişdir.