“20 Yanvar faciəsi qan yaddaşımızdır” mövzusunda tədbir keçirilmişdir
Bakı, 17 yanvar (AZƏRTAC). Gənc Vətənpərvərlər Birliyinin təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 21-ci ildönümünə həsr olunmuş “20 Yanvar faciəsi qan yaddaşımızdır” mövzusunda tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə 20 Yanvarın Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olduğu vurğulanmışdır. Qeyd edilmişdir ki, 1990-cı il yanvarın 20-də ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxarmışdır. Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi, Qorbaçov başda olmaqla, cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan xalqımızın mübarizliyini, əyilməzliyini, məğrurluğunu bir daha nümayiş etdirmişdir.
Bu qanlı hadisələrə siyasi-hüquqi qiymət verilməsində, şəhidlərin adının əbədiləşdirilməsində ümummilli liderimiz Heydər Əliyevin misilsiz xidmətləri xatırladılmışdır.
Tədbirin sonunda iştirakçılar Şəhidlər xiyabanını ziyarət etmiş, 20 Yanvar şəhidlərinin məzarları önünə gül dəstələri düzmüşlər.