20 Yanvar faciəsi vətənimizin azadlığına qarşı yönəldilmiş dəhşətli bir qəsd idi
Ağsu, 20 yanvar (AZƏRTAC). 20 Yanvar faciəsinin iyirmi birinci ildönümü Ağsu rayonunda silsilə tədbirlərlə qeyd olunmuşdur.
Bu gün minlərlə ağsulu Qəhramanlar parkına gələrək azadlıq uğrunda şəhid olanların xatirəsini yad etmiş, onların məzarları üzərinə çiçəklər qoymuşlar.
Sonra Ağsu şəhər mədəniyyət sarayında toplantı keçirilmişdir. Rayon icra hakimiyyətinin ictimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri Mirqubat Orucov “20 Yanvar xalqımızın milli qürur günüdür” mövzusunda məruzə etmişdir.
Məruzəçi və natiqlər 1990-cı il 20 Yanvar faciəsini o vaxt ömrünü başa vuraraq çökməkdə olan sovet imperiyasının xalqmızın azadlıq istəyini boğmaq üçün törətdiyi qanlı hadisə kimi səciyyələndirmişlər. Ürək ağrısı ilə qeyd olunmuşdur ki, ağır texnikanın köməyi ilə Bakıya yeridilmiş xüsusi hərbi hissələr şəhərdə ağlasığmaz vəhşiliklər törətmişlər. Nəticədə təkcə paytaxtda 134 nəfər əliyalın insan qətlə yetirilmiş, 600-dən artıq sakin yaralanmışdır. Bu qanlı aksiya zamanı nəinki qocalar, qadınlar və uşaqlar, habelə köməyə gələn tibb işçiləri belə güllələnərək öldürülmüşlər.
Vurğulanmışdır ki, qanlı faciədən dərhal sonra bu vəhşiliyə qarşı ilk etiraz səsini Mockvada heç bir təhlükədən qorxmayaraq Azərbaycan nümayəndəliyinə gəlib bəyanatla çıxış edən ulu öndərimiz Heydər Əliyev qaldırmışdı. Öz bəyanati ilə bu böyük insan 20 Yanvar faciəsinə əsl hüquqi-siyasi qiymətini vermişdir. O vaxt və ondan sonrakı dövrlərdə bütün maneələrə baxmayaraq, ümummilli liderimiz hadisələrin əsl mahiyyətini bütün dünyaya çatdırmışdır. Ulu öndərimizin səyi ilə Şəhidlər xiyabanında “Əbədi məşəl” abidə kompleksi ucaldılmışdır.
Tədbirdə 20 Yanvar faciəsinə həsr olunmuş sənədli film göstərilmişdir.
Axırda rayon mədəniyyət işçilərinin ifasında ”Milli qürur günü” mövzusunda ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.