20 Yanvar faciəsinin 21-ci ildönümü ilə əlaqədar Polis Akademiyasında silsilə tədbirlər keçirilmişdir
Bakı, 18 yanvar (AZƏRTAC). 1990-cı il yanvarın 20-si Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur. Ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxarmışdır.
Xalqımız bu il həmin faciənin 21-ci ildönümünü ehtiramla qeyd edir.
AZƏRTAC xəbər verir ki, 20 Yanvar faciəsinin 21-ci ildönümü ilə əlaqədar Daxili İşlər Nazirliyinin Polis Akademiyasında da silsilə tədbirlər keçirilmişdir. Akademiyanın klubunda, ümumi kitabxanada və kursların yataqxanalarında 20 Yanvar faciəsini əks etdirən fotostendlər quraşdırılmış, divar qəzetlərində məqalələr dərc olunmuş, müdavim heyəti ilə “Qanlı Yanvar” mövzusunda yığıncaqlar keçirilmiş, sənədli filmlər nümayiş etdirilmişdir. Akademiyanın müdavim heyəti Şəhidlər xiyabanını ziyarət etmiş, şəhidlərin məzarları üzərinə tər çiçəklər düzmüşlər.
Yanvarın 17-də Akademiyada təşkil olunmuş anma mərasimini məktəb rəisinin köməkçisi, polis polkovnik-leytenantı Nizami Hüseynov açaraq 20 Yanvar faciəsi barədə ətraflı məlumat vermişdir. Digər çıxış edənlər də faciə zamanı mərdliklə şəhid olmuş oğul və qızlarımızın igidliklərindən danışmış, faciəyə və onu törədənlərin hərəkətlərinə münasibət bildirmişlər.
Tədbirin sonunda 20 Yanvar faciəsi və Xocalı soyqırımı barəsində sənədli film nümayiş etdirilmişdir.
######
