20 Yanvar hadisələri təkcə faciə yox, həm də mübarizlik, qəhrəmanlıq tarixidir
Bakı, 17 yanvar (AZƏRTAC). Yanvarın 17-də Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətində (DBX) 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilmişdir.
Əvvəlcə tədbir iştirakçıları şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
DBX-nin rəisi Sialə Rüstəmova bildirmişdir ki, 20 Yanvar faciəsi xalqımızın tarixinə qanla yazılmış səhifələrdən biridir. Amma o müdhiş gecə tariximizə təkcə faciə kimi yox, həm də Azərbaycan xalqının mübarizlik, dönməzlik, çağdaş milli-azadlıq hərəkatının qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur. Həmin gün yüzlərlə qəhrəman oğul və qızlarımız təpədən-dırnağa qədər silahlanmış 35 min nəfərdən ibarət sovet ordusunun qarşısına əliyalın çıxmağa qadir olduğunu dünyaya sübut etmişdir.
Tədbirdə xüsusi vurğulanmışdır ki, ümummilli lider Heydər Əliyev özünün və yaxınlarının həyatını təhlükə qarşısında qoyaraq 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlmiş, buraya yığışmış xarici jurnalistlər və azərbaycanlılar qarşısında çıxış etmiş, imperiya siyasətini, M.Qorbaçovun xalqımıza düşmən siyasətini qətiyyətlə ifşa etmişdir. Ulu öndərin hakimiyyətə qayıdışından sonra Azərbaycan Respublikası Milli Məclisinin 1994-cü il 29 mart tarixli iclasında 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verilmişdir.
Diqqətə çatdırılmışdır ki, şəhidlərin əziz xatirəsi və onların ailələrinə qayğı daim ulu öndərin layiqli davamçısı olan Prezident İlham Əliyevin diqqət mərkəzindədir.