CƏMİYYƏT
20 Yanvar: Qanlı və şanlı tariximizdir
Bakı, 20 yanvar, AZƏRTAC
Azərbaycan Hərb Tarixi Muzeyində 20 Yanvar hadisələrinin 33-cü ildönümünə həsr olunmuş “20 Yanvar: Qanlı və şanlı tariximiz” mövzusunda anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Məruzə ilə çıxış edən muzeyin rəisi, ehtiyatda olan polkovnik Əzizağa Qənizadə bildirib ki, 33 il əvvəl keçmiş sovet dövlətinin hərb maşınının Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz yaddaşlarda insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi qalacaq. Milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə silahlı təcavüz nəticəsində xeyli sayda insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini dünyaya bir daha nümayiş etdirdi.
Bildirilib ki, həmin kədərli günlərdə yalnız Ümummilli Lider Heydər Əliyev bütün çətinliklərə baxmayaraq, siyasi iradə nümayiş etdirərək Moskvadakı Azərbaycan nümayəndəliyinə gəlib SSRİ rəhbərliyini bu cinayəti törətməkdə qətiyyətlə ittiham edib. Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra 1990-cı ilin Qanlı Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi. 1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak olan Vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. Bu gün müstəqil Azərbaycan dövlətinin tarixinə qanlı 20 Yanvar faciəsi xalqımızın şərəf və qəhrəmanlıq səhifəsi kimi yazılıb.
Diqqətə çatdırılıb ki, 2020-ci ildəki 44 günlük Vətən müharibəsi zamanı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal edilmiş ərazilərimiz düşməndən azad olundu. Bu tarixi Qələbə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş bütün soydaşlarımızın apardığı mübarizənin hədər getmədiyini göstərir. Azərbaycan xalqı şəhidlərimizin əziz xatirəsini həmişə uca tutur və onlar qəlbimizdə əbədi yaşayacaq.
Tədbirdə muzeyin tədqiqatçısı Vahid İsmayılovun, “20 Yanvar” İctimai Birliyinin sədr müavini Hikmət Ağayevin, Qarabağ müharibəsi veteranı Ruxsarə Cumayevanın məruzə və çıxışları dinlənilib.
Sonda 20 Yanvar faciəsinə həsr olunmuş qısametrajlı sənədli film göstərilib.
Tədbirdə Qarabağ müharibəsi veteranları, şəhidlərin ailə üzvləri iştirak ediblər.