20 Yanvar şəhidlərinin xatirəsi Türkmənistanda da anılmışdır
Bakı, 21 yanvar (AZƏRTAC). Azərbaycan Respublikasının Türkmənistandakı səfirliyində 20 Yanvar faciəsi ilə əlaqədar anma mərasimi keçirilmişdir.
Səfirlikdən AZƏRTAC-a bildirmişlər ki, anma mərasimi Azərbaycanın azadlığı uğrunda şəhid olmuş insanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanmışdır.
Səfir Vəhdət Sultanzadə 21 il əvvəl sovet ordusu tərəfindən zirehli texnika və müasir silahlar vasitəsilə Azərbaycanda azadlıq uğrunda küçələrə çıxmış insanlara və dinc sakinlərə qarşı törədilmiş cinayətlər haqqında geniş məlumat vermişdir. Vurğulamışdır ki, hadisədən dərhal sonra ümummilli lider Heydər Əliyevin Moskvada Azərbaycan nümayəndəliyinə gələrək hadisəni törədən cinayətkarların adlarını açıqlamış, onların cəzalandırılmasını tələb etmişdir.
Natiq Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev tərəfindən 20 Yanvar şəhidlərinin ailələri üçün müvafiq təqaüdlərin ayrılmasından, onlara xüsusi qayğı və diqqət göstərməsindən söhbət açmış, 20 Yanvar faciəsinin xalqımızın yaddaşından heç vaxt silinməyəcəyini qeyd etmişdir.
Diplomat ulu öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü və tapşırığı ilə 20 Yanvar və Azərbaycan xalqının üzləşdiyi digər qanlı faciələrə həsr olunmuş bir çox sənədlərin nəşr edildiyini yada salmışdır. Bildirmişdir ki, hazırda Heydər Əliyev siyasətinin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev tərəfindən bu istiqamətdə fəaliyyət davam etdirilir. Xalqımızın üzləşdiyi faciələr barədə Azərbaycan Hökuməti və Heydər Əliyev Fondu tərəfindən bir çox sənədli materiallar hazırlanmışdır. Protokol qaydalarına uyğun olaraq, Azərbaycana gələn xarici nümayəndə heyətlərinin Şəhidlər xiyabanını ziyarət etmələri Qanlı Yanvar faciəsinə dünya ictimaiyyətinin diqqətinin cəlb edilməsi məqsədi ilə ölkə rəhbərliyi tərəfindən atılan mühüm addımlardan biridir.
Çıxış edən digər natiqlər 1990-cı ilin 20 yanvarında sovet ordusu tərəfindən Azərbaycanda törədilmiş faciənin Azərbaycan xalqına və bütün bəşəriyyətə qarşı cinayət olduğunu, bu hadisənin dünya ictimaiyyəti tərəfindən ürək ağrısı ilə qarşılandığını qeyd etmiş, Vətənin azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsinin hər zaman uca tutulacağını vurğulamışlar.
Sonra anma mərasiminin iştirakçıları 20 Yanvar hadisələrindən bəhs edən sənədli filmlərə baxmışlar.
Mərasim iştirakçıları səfirliyin zalında faciəni əks etdirən materiallardan ibarət xüsusi guşəyə baxmış, onlara səfirlik tərəfindən hazırlanmış 20 Yanvar faciəsi ilə bağlı xüsusi fotoalbom, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş “Bəşəriyyət əleyhinə cinayət” (türkmən dilində) kitabı, habelə xalqımızın üzləşdiyi bu və digər faciələrlə bağlı Xarici İşlər Nazirliyi və Heydər Əliyev Fondu tərəfindən hazırlanmış materiallar paylanmışdır. Bununla yanaşı, səfirlik tərəfindən 20 Yanvar faciəsinə dair mətbuat üçün açıqlama hazırlanaraq Türkmənistanın Xarici İşlər Nazirliyinə, habelə bu ölkədə akkreditə olunmuş diplomatik missiyalara göndərilmiş, sənəd səfirliyin veb səhifəsində yerləşdirilmişdir.