REGİONLAR
Göyçaylı kümçü: Kənd yerində 40 gündə çəkdiyin əziyyətin bəhrəsini görmək, gəlir götürmək çox sərfəlidir VİDEO
Göyçay, 23 iyun, Rəşad Türkoğlu, AZƏRTAC
İpəkçiliyin inkişafına dövlət dəstəyinin gücləndirilməsi Göyçayda da baramaçılığın dirçəldilməsinə öz müsbət təsirini göstərib. Rayonda kənd təsərrüfatının ənənəvi sahələrindən olan baramaçılığın inkişaf etdirilməsi üçün böyük potensial var. Kənd adamları yaxşı başa düşürlər ki, baramaçılıqla məşğul olmaqla hər il öz ailə gəlirlərini daha da artıra bilərlər.
AZƏRTAC xəbər verir ki, Göyçayın Qaraməryəm kənd sakini Təvəkkül Orucov rayonda olan qabaqcıl kümçülərdəndir. Beş ildi ipəkqurdu bəsləməklə ailəsini dolandıran kümçü deyir ki, kənd təsərrufatının digər sahələri ilə bərabər, baramaçılıqdan da xeyli gəlir götürür: “Bir ay ipəkqurdunun yemləməsi ilə məşğul olmuşuq, hazırda isə baramanın təmizlənməsini, tədarükünü və satışını həyata keçiririk. Kənd yerində 40 gündə çəkdiyin əziyyətin bəhrəsini görmək, yəni gəlir götürmək çox sərfəlidir. Ata-babalarımız da bu işlə məşğul olub halal pul qazanıblar. İndi biz də bu peşəni davam etdirib xeyli gəlir əldə edirik. Yem bazamız bol olub deyə, məhsulumuz da yaxşıdır”.
Son illər rayonun digər yaşayış məntəqələri kimi, Qaraməryəm kənd icra nümayəndəliyini əhatə edən kəndlərdə də baramaçılıq ənənələrinin bərpa edilməsi istiqamətində zəruri işlər görülüb. Qəsəbənin ərazi icra nümayəndəsi Mürvət Abuzərovun bildirdiyinə görə, əhali sovet dövründə də baramaçılıqla məşğul olub, bu sahədə yaxşı təcrübəsi var. “Kəndlilər taxılçılıq, heyvandarlıq, eləcə də digər sahələrlə yanaşı, baramaçılıqdan da xeyli gəlir əldə edirlər. Bu da əhalinin rifah halının yaxşılaşmasına gətirib çıxarır. Dövlətimizin digər sahələrlə bərabər, baramaçılığa olan xüsusi diqqəti, subsidiyaların ayrılması, məhsulun yüksək qiymətə alınması kümçülərə stimul verir”, - deyə o əlavə edib.
Göyçay Dövlət Aqrar İnkişaf Mərkəzinin Heyvandarlıq sektorunun müdiri Qiyas Rəsulov bildirib ki, bu il 81 kümçü ilə müqavilə bağlanaraq,150 qutu, yəni 2850 qram ipəkqurdu paylanıb. Hazırda 3625,7 kiloqram barama istehsal edilərək “Azəripək” ASC-yə təhvil verilib.
Qeyd edək ki, yaş barama istehsalı dövlət tərəfindən subsidiyalaşdırılır. Bu ildən yaş barama tədarükünə görə dövlət tərəfindən verilən subsidiyanın məbləği və məhsulun alış qiyməti artırılıb. Kümçülər yaş baramanı kiloqramı 5 manatdan “Azəripək” MMC-yə təhvil verirlər. Dövlət əlavə olaraq hər kiloqram yaş barama istehsalına görə fermerlərə 6 manat subsidiya ödəyir. Ümumilikdə fermer təhvil verdiyi hər kiloqram yaş baramanın əvəzində 11 manat alır.
Bu il dövlət tərəfindən kümçülərə əvəzsiz olaraq 11130 qutu ipəkqurdu toxumu paylanıb. Cari ildə Azərbaycanın 40 rayonunda yaş barama tədarükü aparılır.