REGİONLAR
Cəlilabadda 14 yaşayış məntəqəsini birləşdirən yollar yenidən qurulur VİDEO
Bakı, 13 sentyabr, AZƏRTAC
Ölkə ərazisində müasir yol infrastrukturunun yaradılması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan genişmiqyaslı layihələr sırasında hazırda Cəlilabad rayonunda 14 yaşayış məntəqəsini birləşdirən kəndlərarası avtomobil yollarının əsaslı şəkildə yenidən qurulması sürətlə və keyfiyyətlə davam etdirilir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, ümumi uzunluğu 36,2 kilometr, eni ortalama 10 metr olan yolların örtüyü əsasən torpaq əsaslı olub. Bu səbəbdən, kəndlərarası yollar nəqliyyatın və vətəndaşların rahat hərəkətində problemlər yaradıb.
Məlumata əsasən, Cəlilabadın Təklə-Abazallı, Təklə-Şorbaçı-Mədətli-Novruzallı-Şötüklü-Bayxanlı-Məlikqasımlı, Şötüklü-Dostallı-Məşədilər-Məmmədrzalı-Şorbaçı, Şiləvəngə-Adnalı-Bədirli marşrutu üzrə kəndlərarası avtomobil yollarını əhatə edən layihə çərçivəsində uzunluğu 5,5 kilometr olan Şiləvəngə-Adnalı-Bədirli və 2,5 kilometrlik Təklə-Abazallı hissələrində torpaq işləri, suötürücü boruların quraşdırılması, yol əsasının tikintisi yekunlaşıb. Sözügedən hissələrdə növbəti mərhələ üzrə asfaltlanma, yol çiyinlərinin bərkidilməsi işləri tam olaraq yerinə yetirilib.
Bundan başqa, 28,2 kilometr uzunluğa malik Təklə-Şorbaçı-Mədətli-Novruzallı-Şötüklü-Bayxanlı-Məlikqasımlı və Şötüklü-Dostallı-Məşədilər-Məmmədrzalı-Şorbaçı kənd yollarında aparılan torpaq işləri yekunlaşıb. Layihə üzrə nəzərdə tutulan suötürücü boruların inşası son mərhələdə olmaqla yerinə yetirilir. Sözügedən yollarda artıq 16 kilometr ərazidə yeni yol əsasının alt, 5,5 kilometrlik hissədə isə əsasın üst qatı inşa edilib. Yolun Təklə kəndi ərazisində yerləşən mövcud 54 metrlik 3 aşırımlı körpünün layihə üzrə nəzərdə tutulan təmiri isə yekunlaşıb.
Sözügedən yollarda işlər “İnşaat Norma və Qaydaları”na əsasən, texnoloji ardıcıllığa riayət olunmaqla keyfiyyətlə aparılır. Tikinti ərazilərinə kifayət qədər canlı qüvvə və texnika cəlb olunub.
Tikinti layihəsinin sonuncu mərhələsində avtobus dayanacaqlarının, yol nişanlarının quraşdırılması və yolun üfüqi nişanlanma xətlərinin çəkilişi aparılacaq.
Beləliklə, IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulan yollar bundan sonra ərazidə yaşayan 14 mindən artıq əhalinin rahat gediş-gəlişini təmin edəcək, yük və sərnişin daşımasını asanlaşdıracaq.