REGİONLAR
Şəkidə torpaq kanal beton üzlüyə alınır VİDEO
Bakı, 16 sentyabr, AZƏRTAC
Şəki Suvarma Sistemləri İdarəsi rayon ərazisində 38980 hektar suvarılan torpaq sahələrinin su ilə təminatına xidmət edir. Əkin sahələrinin suvarılması dağ çaylarından qidalanan təsərrüfatlararası və təsərrüfatdaxili kanallar, 5 ədəd nasos stansiya, idarənin balansında olan 222 subartezian və artezian quyuları vasitəsilə həyata keçirilir.
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov AZƏRTAC-a bildirib ki, mənbələrdən götürülən suların sahələrə itkisiz və vaxtında çatdırılması məqsədilə torpaq məcralı kanallar beton üzlüyə alınır. Yeddi kəndin 6000 hektara yaxın əkin sahələrinin suvarma suyu ilə təminatına xidmət edən Dəhnə beton kanalında son illərdə əsaslı təmir işləri aparılır. Dəhnə beton kanalın ümumi uzunluğu 28 kilometrdir, həmin kanal uzun müddətdir istismar olunur. 2022-ci ilə qədər kanalın 9,5 kilometr hissəsində əsaslı təmir işləri aparılaraq, beton üzlüyü bərpa edilib. Bu il isə 2,1 kilometr hissədə kanalın əsaslı təmir olunması nəzərdə tutulub. Bundan başqa, suyun maneəsiz axınını təmin etmək üçün torpaq məcralı kanallar ilboyu lildən təmizlənir.
Ümumi uzunluğu 17,5 kilometr olan 10-a yaxın kəndin 3483 hektar suvarılan torpaq sahələrinə xidmət edən Cəyirli arx təsərrüfatlararası kanalı 1961-ci ildən istismar olunur. Mənbəyini Əlican çayından götürən kanal torpaq məcralıdır. Bu günə kimi kanalın 11 kilometr hissəsi lildən təmizlənib. Bununla bərabər rayon ərazisində olan sel təhlükəli dağ çaylarında sel sularının maneəsiz axıdılması məqsədi ilə mexanizmlərlə tənzimləmə işləri görülür. Bu işlər 2022-ci ilin 8 ayı ərzində 314 min kubmetr həcmdə həyata keçirilib.
Qeyd edək ki, Şəki Suvarma Sistemləri İdarəsi balansında olan 222 ədəd subartezian və artezian quyuları vasitəsilə 50 min nəfərə yaxın əhalinin içməli, kommunal-məişət və digər məqsədlər üçün, həmçinin 1550 hektar həyətyanı və 1500 hektar əkin sahələrinin suvarma suyu ilə təminatını həyata keçirir. İdarə tərəfindən 2022-ci ilin 8 ayı ərzində 81 ədəd subartezian quyusunda cari təmir işləri aparılıb.