REGİONLAR
Göyçay çayında 4 kilometr çox mühafizə tədbirləri görülüb VİDEO
Bakı, 21 sentyabr, AZƏRTAC
Azərbaycan Meliorasiya Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin tabeliyində olan Kür-Araz Çaylarında Bəndlərin İstismarı İdarəsi təsdiq edilən plana uyğun olaraq bir neçə çayda məcratəmizləmə və bəndbərkitmə işlərini davam etdirir. Ümumiyyətlə idarənin fəaliyyəti xidməti ərazilərində yaşayış məntəqələrini, xalq təsərrüfatı obyektlərini sel və daşqın sularından qorumaqdan ibarətdir.
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov AZƏRTAC-a bildirib ki, idarənin balansında ümumilikdə 1491 kilometr uzunluğunda torpaq mühafizə bəndləri mövcuddur. Bunun 936 kilometri Kür çayı, 134 kilometri Araz çayı, 421 kilometri isə dağ çayları boyuncadır.
İdarə tərəfindən Kür çayının sahillərinin intensiv yuyulan yerlərində qaya uçmalarının qarşısını almaq məqsədilə 2012-2021-ci illər ərzində 14320 metr uzunluğunda, 366178 kubmetr həcmində daş betonla sahilbərkitmə işləri aparılıb. 2022-ci ilin əvvəlindən bu günə kimi isə maşın və mexanizmlərin köməyi ilə cari təmir hesabına 2748 min kubmetr həcmində torpaq işləri yerinə yetirilib. Çaylarda yarana biləcək sel təhlükəsinin qarşısını almaq və qabaqlayıcı tədbirlər görmək məqsədilə hazırda Göyçay çayında mühafizə bəndlərinin təmiri və məcratəmizləmə işləri həyata keçirilir. Bu işlərin görülməsi üçün Göyçay çayına idarənin xeyli sayda texnikası cəlb olunub.
Göyçay çayında ilin əvvəlindən etibarən zəif sayılan yerlər nəzarətə götürülüb, hissə-hissə olmaqla 4 kilometrdən çox məsafədə həm məcratəmizləmə, həm də bəndbərkitmə işləri həyata keçirilib. Artıq istər Göyçay çayında, istərsə də digər çaylarda mühafizə tədbirləri il boyu davam etdiriləcək.