CƏMİYYƏT
Şanlı Qarabağ Zəfəri Türk dünyasının qürur mənbəyidir VİDEO
Ankara, 24 dekabr, AZƏRTAC
Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqın birliyinə, Ordumuzun qüdrətinə güvənərək polad siyasi iradəsi ilə düşmən üzərində parlaq qələbəni təmin etməklə bərabər, Azərbaycan xalqının milli iradəsini daha da yüksəklərə ucaltdı, Azərbaycan-Türkiyə qardaşlığının inkişafına böyük töhfələr verdi, Türk dünyasının həmrəyliyi yolunda qətiyyət nümayiş etdirdi.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfi tərəfindən “Bizə İlham verən Müzəffər Ali Baş Komandanımız!” şüarı ilə təşkil olunan toplantıda səslənib.
Azərbaycan Evində keçirilən toplantını açan Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfinin və Azərbaycan Evinin rəhbəri, professor Aygün Attar mövzu ətrafında fikir və düşüncələrini bölüşərək vurğulayıb ki, Prezident İlham Əliyev həm tarixi şəraiti düzgün dəyərləndirən, həm də hər bir siyasi şəraitdə milli tarix yaratmağı bacaran Lider kimi dövlətçilik tariximizə qızıl hərflərlə düşən hərbi Zəfər salnaməsi yaradıb. Bu salnamə bütün Türk dünyası üçün mənəvi güc mənbəyidir.
Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım və Türkiyə Prezidentinin Baş müşaviri Ayşə Türkmənoğlu çıxışlarında Prezident İlham Əliyevin daxili və xarici siyasətinin ayrı-ayrı istiqamətlərinə toxunublar.
Mövzu ətrafında geniş məruzə edən təhlükəsizlik məsələləri üzrə araşdırmaçı Abdullah Ağar faktlar və məntiqi mülahizələrlə əsaslandırıb ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun qazandığı rəşadətli Qələbə təkcə Azərbaycanın ərazi bütövlüyünün bərpası deyil, bölgəyə sülh və əmin-amanlıq vəd edən, Azərbaycan-Türkiyə qardaşlığını zirvələrə qaldıran, Türk dünyasının birliyini və həmrəyliyini yeni notlar üzərində kökləyən geopilotik rəşadətdir.
Çıxışlarda diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin liderlik xüsusiyyətləri, mətin siyasi iradəsi şanlı Zəfərin qazanılmasında müstəsna rol oynayan amillər sırasında öndə dayanır.
Bədii proqramla davam edən toplantıda rəsmi şəxslər, diplomatlar, Türkiyə ictimaiyyətinin tanınmış simaları, ictimai təşkilatların rəhbərləri, elm və mədəniyyət adamları iştirak ediblər.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara