ORDU
Laçın rayonu ərazisində yeni hərbi obyektlər istifadəyə verilib VİDEO
Bakı, 30 dekabr, AZƏRTAC
Azərbaycan Ordusunun maddi-texniki təminatının daha da yaxşılaşdırılması istiqamətində görülən işlər davam etdirilir.
AZƏRTAC Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, Laçın rayonu ərazisində yeni inşa edilmiş yerləşmə məntəqələri istifadəyə verilib.
Müdafiə nazirinin müavinləri - Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanov və Quru Qoşunları komandanı general-leytenant Ənvər Əfəndiyev Laçında yerləşən bir neçə döyüş mövqeyini və yeni istifadəyə verilmiş məntəqələri ziyarət ediblər.
Məruzə edilib ki, döyüş mövqeyində xidmət edən hərbi qulluqçular ayıq sayıq xidmət aparır, Vətənin keşiyində durmaqla qürur duyurlar.
Yerləşmə məntəqələrində qərargah binaları, yeməkxanalar, silah otaqları, tibb məntəqələri, əsgər yataqxanaları, hamam-camaşırxana kompleksləri, anbarlar, avtomobil parkları inşa edilib. Mərkəzləşdirilmiş istilik sisteminin təminatı məqsədilə qazanxana kompleksi, fasiləsiz elektrik enerjisinin təminatı üçün generatorlar və günəş panelləri mövcuddur. Ərazidə abadlıq işləri aparılıb və müxtəlif ağaclar əkilib.
Sonra şəxsi heyətin döyüş hazırlığı yoxlanılıb. Döyüş hazırlığının müxtəlif elementləri üzrə icra olunan taktiki tapşırıqlar hərbi qulluqçular tərəfindən yüksək peşəkarlıqla yerinə yetirilib.
Sərt iqlim şəraitində və kəskin relyefli ərazilərdə xidmət edən hərbi qulluqçularla görüşən nazir müavinləri onların döyüş və mənəvi-psixoloji hazırlığını yüksək qiymətləndiriblər.
Hərbi qulluqçular qarşıdan gələn bayramlar münasibətilə təbrik edilib və onlara hədiyyələr təqdim olunub.
Müdafiə nazirinin müavinləri döyüş növbətçiliyinin və qoşun xidmətinin təşkili, hərbi qulluqçuların sosial-məişət şəraitinin və maddi-texniki təminatının daha da yaxşılaşdırılması ilə bağlı general-polkovnik Zakir Həsənovun tapşırıqlarını aidiyyəti şəxslərə çatdırıblar.