Nərimanovda saxlanılan şəxslərdən 3 “Makarov” markalı tapança, bir “Toz-17” ov tüfəngi götürülüb VİDEO
Bakı, 28 fevral, AZƏRTAC
Nərimanovda narkotiklərin satışı ilə məşğul olan 36, üstündə qanunsuz olaraq silah saxlayan 4, avtoyuma məntəqəsindəki maşından 15 min manat oğurlayan bir nəfər saxlanılıb.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Turalcan Mustafayev saxlanılıb. Onun üstünə baxış zamanı 3 kiloqramdan artıq heroin aşkar olunaraq götürülüb. Turalcan Mustafayev ifadəsində narkotik vasitələri sosial şəbəkələrdə tanış olduğu İran vətəndaşından onlayn yolla Bakı şəhərində satmaq məqsədilə aldığını bildirib.
Ümumilikdə ilin əvvəlindən Nərimanov Rayon Polis İdarəsinin, eləcə də ərazi şöbə və bölmələri tərəfindən həyata keçirilən əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən 36 nəfər saxlanılıb. Bu şəxslərdən 9 kiloqrama yaxın güclü təsiredici xassəyə malik narkotik vasitələr aşkar edilib.
Üstlərində qanunsuz olaraq odlu silah-sursat saxlayan Fuad Musayev, Elşad Quliyev, Xəlil Xəlilov və Ələkbər Məmmədov Nərimanov Rayon Polis İdarəsinin, 17 və 18-ci Polis Şöbələri, eləcə də 16-cı Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri digər əməliyyatlar zamanı saxlanılıblar. Həmin şəxslərdən ümumilikdə 3 “Makarov” markalı tapança, 3 daraq, 18 patron, bir “Toz-17” markalı yivli müvafiq sənədləri olmayan ov tüfəngi aşkar edilib.
Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri digər əməliyyat zamanı rayon ərazisində yerləşən avtoyuma məntəqələrindən birində nəqliyyat vasitəsindən 15 min manat oğurlayan Asəf Şirvanov da saxlanılaraq istintaqa təqdim edilib. Araşdırma zamanı bu şəxsin həmin məntəqədə işlədiyi və əvvəllər də oğurluq etdiyi üçün məhkum olunduğu müəyyən edilib.
Qeyd edilən faktların hər biri ilə bağlı araşdırmalar davam etdirilir.