Qəzalı vəziyyətə düşən Dairəvi qalada təmir-bərpa işlərinə başlanılıb FOTO VİDEO
Lənkəran, 6 iyun, İlkin Adıyev, AZƏRTAC
Lənkəran şəhərində yerləşən, el arasında Zindan qalası kimi tanınan Dairəvi qala qəzalı vəziyyətə düşüb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Dairəvi qala sonuncu dəfə 2006-cı ildə bərpa olunub. Lakin sonradan tarixi abidənin damında yaranmış qəzalı vəziyyət nəticəsində qalaya ciddi ziyan dəyib. Hazırda isə qalada təmir-bərpa işlərinə başlanılıb.
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, ölkə ərazisində yerləşən tarix-mədəniyyət abidələrində monitorinqlər aparılır, onların faktiki durumu, texniki vəziyyəti öyrənilir. Aparılan monitorinq tədbirlərindən sonra abidələrin qorunması işinin gücləndirilməsi, bərpa və konservasiya tədbirləri ilə bağlı müvafiq tədbirlər gerçəkləşdiriləcək. Lənkəran Dairəvi qalanın dam örtüyünün çökməsi ilə bağlı abidə qəzalı vəziyyətə düşüb, hazırda bununla bağlı qalanın ətrafında və içərisində təmizlik, abadlıq işləri görülür, qalanın mühafizəsi istiqamətində zəruri tədbirlər həyata keçirilir.
Xatırladaq ki, Lənkəran Dairəvi qalası 1747-1786-cı illərdə inşa edilib. Bu qala ümumi Lənkəran qala sisteminin cənub tərəfdən dayaq məntəqəsi olub. Dairəvi qala 1869-cu ilə kimi burada baş verən müharibələrdə mühüm müdafiə və dayaq məntəqəsi rolunu oynayıb. Rus qoşunlarının işğalından sonra bu möhtəşəm tikili həbsxana kimi istifadə edilməyə başlanılıb. Dairəvi qalanın hündürlüyü 20 metr, diametri 72 metr, istinad divarlarının qalınlığı aşağı ətrafda 2,8 metr, yuxarıda isə 1,5 metrdir.
Dairəvi qala Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli qərarı ilə ölkə əhəmiyyətli tarixi abidə hesab olunur və dövlət tərəfindən mühafizə edilir.