Şəkinin “Akademik laboratoriya”sı FOTO VİDEO
Şəki, 2 iyul, AZƏRTAC
Şəkinin ucqar Baş Şabalıd kəndində AMEA-nın Şəki Regional Elmi Mərkəzi tərəfindən illərdir qorunan və alimlərin biogeosenoz adlandırdığı unikal məkan haqqında çox eşitmişdik. AZƏRTAC-ın çəkiliş heyəti 1976-cı ildən qorunan və böyük bir akademik laboratoriyanı xatırladan bu əsrarəngiz gözəlliyi görmək üçün bu günlərdə Baş Şabalıd kəndinə yollanıb. Əməkdaşımızın Şəkinin “Akademik laboratoriya”sından hazırladığı materialı təqdim edirik.
Qaraçay vadisindən açılan dağ mənzərəsi
Biogeosenozla tanış olmaq üçün AMEA-nın Şəki Regional Elmi Mərkəzinin rəhbərliyinə müraciət etdik və qısa zamanda, daha doğrusu, havaların imkan verdiyi bir gündə görüşmək qərarına gəldik.
Nəhayət, bu günlərdə Regional Elmi Mərkəzin rəhbərliyi və əməkdaşları bizi Baş Şabalıd kəndinin girişində, Qaraçayın vadisində qarşıladılar.
Mərkəzin direktoru Yusif Şükürlü bizi burada qarşılamağının səbəbini izah edərək deyir ki, qarşımızdakı dağlıq hissə uzun illərdir xüsusi mühafizə olunan həmin biogeosenozun ərazisidir. Bir qədər sonra, yəni ora yaxınlaşdıqda biz ərazini tam olaraq görə bilməyəcəyik. Orada başqa aləmə düşəcəyimizdən hələ ki xəbərsizdik.
Beləcə yol alırıq dağlara tərəf. Bu arada öyrənirik ki, bu kənd Yusif müəllimin ata-baba yurdudur, qorunan təbiət əraziləri isə vaxtı ilə babası tərəfindən mühafizə olunub.
Burada ancaq təbiət danışır
Həqiqətən də, əraziyə daxil olan kimi başqa bir mənzərə ilə qarşılaşırsan. Sakit təbiət və quşların nəğməsi...
Mənzərəni seyr edənlər deyə bilər ki, bura adi meşəlik, dağlıq ərazidir. Bəli meşəlik və dağlıq ərazidir. Amma gəzib dolanmasan, ətrafda heç nəyə əl dəymədiyini, ağacların kəsilmədiyini, torpaq qatının münbitliyini, bol oksigeni hiss etməsən bu gözlləyinin fərqinə də varmayacaqsan. Bura hələ biogeosenozun aran və tala hissələridir. Qarşıda isə dağ turumuz var.
Biogeosenozun mühafizəçisi Aydın Məmmədovla bir xeyli addımlayandan sonra dayanaraq nəfəs dərməmizi istəyir və “Burada quşların nəğməsi, yarpaqların əsintisi bir dünyadır. Burada kor olan gözlər belə görməyə başlayır” bənzətməsi marağımızı daha da artırdı.

Baba mirasından “Akademik laboratoriya”ya
Qeyd etdiyimiz kimi, bu ərazilər Yusif müəllimin babası tərəfindən yarım əsir bundan əvvəl mühafizəyə alınıb. Daha sonra nəvə Yusif babasının arzusunu reallaşdırıb və buranı “Akademik laboratoriya”ya çevirib. İndi biogeosenozda 30-dan artıq ağac növü və 50-dən çox bitki və kol qorunur ki, bunların da əksəriyyətinın adı “Qırmızı kitab”a düşüb, həmçinin dərman bitkiləridir.
İlkin tanışlıqdan sonra bu dəfə yüksəkliyə - biogeosenozun dağlıq hissəsinə qalxmaq qərarına gəlirik. Yol boyu Yusif müəllim bizə maraqlı xatirələrini danışır.
Buranın flora və faunası o qədər zəngin, oksigeni o qədər boldur ki, yorğunluq belə hiss etmədən üzü yamaclara qalxırıq. Digər tərəfdən həmsöhbətlərimizin maraqlı araşdırmaları, xatirələri də bizi yormur. Telefonumuzda kompasa baxırıq. Dəniz səviyyəsindən 900 metr yüksəkliyə qalxa bilmişik.
Araşdırmalar, tədqiqatlar mərkəzi
Yol yoldaşlarımızın “Akademik laboratoriya” adlandırdığı ərazilərdə Elmi Mərkəzin şöbə müdiri, Geologiya-mineralogiya elmləri doktoru Hüseyn Mustafabəyli dəfələrlə məzuniyyətdə olub, tədqiqatlar aparıb. Hüseyn müəllim bizə olduğumuz məkan və onun adının elmi izahını verir. “Biogeosenoz - Yerin müəyyən hissəsində biosenozu təşkil edən bitkilərin, heyvanların, mikroorqanizmlərin, biotopun maddələr və enerji mübadiləsinin cəmi deməkdir”, - deyə fikrini əsaslandırır.
Maraqlıdır, gələcəkdə bu əsrarəngiz, bənzərsiz təbiət abidəsi ilə bağlı Elmi Mərkəzin rəhbərliyi nə işlər görməyi, fəaliyyətini hansı istiqamətdə tənzimləməyi düşünür? Şəki Regional Elmi Mərkəzin direktoru Yusif Şükürlüyə suala cavabında deyir: “Əlbəttə, fikir və düşüncələrimiz yetərincədir. Əvvəla deyim ki, buranın elə AMEA-nın Şəki Regional Elmi Mərkəzin nəzdində qoruya bilməyimiz bütün alimlərimizə, elmimizə böyük imkanlar açır. Ümidvaram ki, qarşıdakı illərdə burada ölkə və dünya miqyaslı birgə tədqiqatların aparılmasına nail olacağıq”.
Digər tərəfdən burada məhz alim və mütəxəssislərin ekoturizmini təşkil etmək baxımından da geniş imkanların olduğunu diqqətə çatdıran Y.Şükürlü, bu istiqamətdə də təkliflərin hazırlandığını qeyd etdi.
Doğrusu, Baş Şabalıd biogeosenozunda olduğumuz 4-5 saatda o qədər zəngin məlumatlar əldə etdik ki, onların hamısını bir reportaja sığdırmaq mümkün deyil. Buranın nəyə görə “Akademik laboratoriya” adlandırıldığını gözlərimizlə gördük, həmçinin böyük turizm potensialına da şahidlik etdik. Bu potensialın reallaşmasını isə gələcək göstərəcək.