CƏMİYYƏT
Qatarlarda təhlükəsizlik: 7/24 ÇALIŞAN POLİSLƏRİN FƏALİYYƏTİ BARƏDƏ REPORTAJ
Bakı, 17 noyabr, AZƏRTAC
Qatarlar gündəlik həyatımızın ayrılmaz nəqliyyat vasitəsidir. Hər gün on minlərlə insanın qatardan istifadə etməsi üçün bu ictimai nəqliyyat vasitəsində təhlükəsizliyin təmin olunması çox vacibdir. Statistikaya nəzər yetirsək, bu ilin ötən 9 ayı ərzində xidmət ərazilərində baş verən 94 cinayət hadisəsinin 94,3 faizi polis əməkdaşları tərəfindən aşkar edilib.
AZƏRTAC-ın əməkdaşları qatarlarda sərnişinlərin təhlükəsizliyinin necə təmin olunması ilə tanış olublar.
Xidmət əməkdaşları 7 gün və 24 saat qatarlarda təhlükəsizliyi təmin edirlər. Vətəndaşların təhlükəsizliyinin keşikçisi olan polis əməkdaşları hər səhər toplanır, son təlimatları aldıqdan sonra xidmət yerlərinə üz tuturlar.
Polis mayoru Vüsal Alıyev deyir ki, Dəmir Yolu Nəqliyyatında Polis İdarəsi cinayətkarlığa qarşı mübarizə, ictimai asayişin qorunması və ictimai təhlükəsizliyin təmin olunmasını həyata keçirir, qatarlarda sərnişinlərin təhlükəsizliyini təmin edir.
Söhbət zamanı polis əməkdaşları bildirdilər ki, öhdəlikləri məsuliyyətli və çətin olsa da şərəflidir. Onlar üçün ən vacib amil insan həyatıdır və buna görə də öz xidmətlərini fasiləsiz şəkildə davam etdirirlər.
İki ildir bu sahədə fəaliyyət göstərən polis serjantı Aytən Məlikova deyir ki, insanların toplu şəkildə istifadə etdiyi nəqliyyat vasitələrində yoxlanışlar mühümdür. O bildirir ki, əksər hallarda elə yoxlanışlarda bir sıra təhlükələrin qarşısı öncədən alınmış olur: “Gün ərzində vətəndaşların təhlükəsizliyini qorumaq üçün çantalar yoxlanılır. Çantalarda kəsici, deşici alətlər və yanğın yarada biləcək əşyalar aşkarlandığı zaman tədbir görülür”.
Bu ilin ilk 9 ayı ərzində qəhrəmanlarmız xidmət ərazilərində 12 kiloqramdan çox narkotik vasitəni qanunsuz dövriyyədən çıxarıb, 5 ədəd silah və ona aid sursatları müəyyən edərək götürüb, axtarışda olan 19 şəxsi tutaraq aidiyyəti üzrə təhvil verib, 89 xırda talama faktını aşkar edib.