8 MART – BEYNƏLXALQ QADINLAR GÜNÜ MÜNASİBƏTİLƏ AZƏRBAYCAN QADINLARINA TƏBRİK
Hörmətli xanımlar!
Sizi, bütün Azərbaycan qadınlarını 8 Mart - Beynəlxalq Qadınlar günü münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə cansağlığı, səadət və işlərinizdə uğurlar arzulayıram.
Xalqımıza məxsus zəngin milli-mədəni dəyərlərin əsrlər boyu qorunub saxlanmasında və yaşadılmasında Azərbaycan qadınının misilsiz xidmətləri vardır. Onun vətənpərvərliyi, nəcibliyi və müdrikliyi tariximizin hər bir dövründə özünü büruzə vermişdir. İnsanların daim əmin-amanlıq içərisində yaşamaları kimi xoş məram sülhpərvər analarımızın simasında bu gün də parlaq müdafiəçisini tapır. Azərbaycan qadını üzərinə düşən sosial yükün ağırlığına baxmayaraq, daim cəmiyyətimizin mənəvi dayağı olmuş, mürəkkəb ictimai-siyasi dəyişikliklərin yaşandığı vaxtlarda əsl dəyanət və əzmkarlıq nümayiş etdirmişdir.
Hüquq və azadlıqları tam təmin edilmiş Azərbaycan qadınının bugünkü yüksək ictimai mövqeyi təqdirəlayiqdir. Uzun illərdən bəri respublikamızın iqtisadi, siyasi-ictimai və mədəni həyatının fəal iştirakçısı kimi onun milli dövlət quruculuğu işinə, ölkənin dünyada analoqu olmayan sürətlə dinamik inkişafına verdiyi töhfələr müstəsna əhəmiyyət kəsb edir. Elm, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə yaxından iştirakı Azərbaycan qadınının böyük potensiala malik olduğunu göstərir, onun nüfuzunu daha da artırır. Ölkəmizdə bərqərar olmuş demokratik mühit qadınlarımıza öz istedad və bacarıqlarını gələcəkdə də tam gerçəkləşdirə bilmələri üçün lazımi əlverişli şərait yaradır.
Əmin olduğumu bildirirəm ki, hər bir Azərbaycan övladının kiçik yaşlardan xalqımıza və onun mədəniyyətinə, milli-mənəvi sərvətlərə, adət-ənənələrimizə sonsuz sədaqət, dərin hörmət ruhunda tərbiyə olunması kimi şərəfli və məsuliyyətli işin həyata keçirilməsi üçün qadınlarımız bundan sonra da var qüvvələrini əsirgəməyəcəklər.
Bayramınız mübarək olsun!
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 7 mart 2008-ci il.