REGİONLAR
Fövqəladə hallar naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib VİDEO
Ağcabədi, 17 mart, Tahir Ağaməmmədov, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, fövqəladə hallar naziri Kəmaləddin Heydərov martın 17-də Ağcabədi şəhərində bölgə vətəndaşlarını qəbul edib.
AZƏRTAC xəbər verir ki, Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında keçirilən, nazirliyin müvafiq icra strukturu rəhbərlərinin də iştirak etdikləri qəbulda Ağcabədi, Beyləqan, Füzuli, Xocavənd rayonlarının sakinlərinin və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlərin müraciətlərinə baxılıb.
Fövqəladə hallar naziri tərəfindən qəbul edilən 18 vətəndaşın müraciətlərinin bir çoxu yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib. Bundan başqa, kadr məsələləri ilə bağlı 112, digər məsələlərlə bağlı müraciət etmiş 85 vətəndaş nazir müavinləri və nazirliyin müvafiq baş idarə və qurum rəhbərliyi tərəfindən qəbul olunub.
Qəbula gələn vətəndaşlar yaradılmış şəraitdən razılıqlarını bildirib və bölgələrdə bu cür görüşlərin təşəbbüskarı Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.