Bakıda İndoneziyanın turizm potensialı təqdim olunub VİDEO
Bakı, 8 aprel AZƏRTAC
İndoneziyanın Azərbaycandakı səfirliyində bu ölkənin turizm potensialına həsr olunmuş təqdimat keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Beynəlxalq "Turizm və Səyahətlər" (AITF-2016) sərgisi çərçivəsində keçirilən təqdimatda İndoneziyanın vitse-prezidentinin turizm və iqtisadiyyat üzrə xüsusi nümayəndəsi Muhammad Zulkarnain və bu ölkənin turizm şirkətlərinin nümayəndələri iştirak ediblər.
İndoneziyanın Azərbaycandakı səfiri Husnan bey Fananie ölkəsinin bu tədbirə böyük maraq göstərdiyini deyib. İndoneziyanın prezidenti və vitse-prezidentinin AITF sərgisinə böyük diqqət ayırdığını söyləyən səfir ölkəsinin bu tədbirə xüsusi nümayəndə heyəti göndərdiyini vurğulayıb.
İki ölkə arasında əlaqələrin qarşılıqlı hörmət və ehtirama əsaslandığını söyləyən diplomat bu dostluq münasibətlərinin böyük perspektivləri olduğunu qeyd edib: “Siyasi əlaqələrdən əlavə bizim inkişaf edən biznes və iqtisadi əlaqələrimiz də mövcuddur. Bu əlaqələrin gələcəkdə turizmi də geniş əhatə edəcəyinə ümidvarıq. Əminəm ki, biz qeyd edilən istiqamətlərdə uğurla fəaliyyət göstərəcəyik. Azərbaycandan İndoneziyaya xeyli sayda turistlərin cəlb olunmasında maraqlıyıq”.
Muhammad Zulkarnain isə bildirib ki, səfərlərinin əsas məqsədi Azərbaycanın turizmi imkanları ilə tanış olmaq, ölkəsinin turizm potensialı barədə məlumat vermək, eyni zamanda turist axınının daha da gücləndirilməsinə nail olmaqdır.
İndoneziyada xeyli adaların olduğunu söyləyən M.Zulkarnain iki ölkənin turizm şirkətlərinin görüşlərindən sonra birgə işlər görmək mümkün olacağına əminliyini ifadə edib.
Tədbirdə İndoneziyanın turizm potensialına dair videoçarx nümayiş etdirilib.