Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası maestro Niyazi haqqında materiallar hazırlayıb
Bakı, 20 avqust, AZƏRTAC
Bu gün dünyaşöhrətli dirijor, bəstəkar, ictimai xadim, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Niyazi Tağızadə-Hacıbəyovun anadan olmasından 110 il ötür. Bu münasibətlə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının əməkdaşları “Niyazi Tağızadə-110 adlı” videoçarx və “Maestro Niyazi” adlı biblioqrafik kitab tərtib ediblər.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, “Niyazi Tağızadə-110” adlı videoçarxda dünyaşöhrətli sənətkar Niyazinin həyatı və səhnə fəaliyyəti, ölkəmizdə və ölkəmizdən kənarda qazandığı uğurlar, bəstəkarlıq fəaliyyəti haqqında geniş məlumatlar öz əksini tapıb.
“Maestro Niyazi” adlı biblioqrafik kitabda Niyazinin 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, sənətkarın musiqi yaradıcılığı ilə yanaşı, təltif və mükafatları, görkəmli şəxslərin Niyazi haqqında fikirləri, onun musiqi əsərləri, Niyazinin Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində saxlanılan əlyazmaları, kitablarda və dövri mətbuatda Niyazi haqqında olan materiallar yer alıb.
Hazırlanan materiallar kitabxananın saytında yerləşdirilib.