CƏMİYYƏT
Gürcüstanın Baş naziri müsəlmanları Qurban bayramı münasibətilə təbrik edib
Tbilisi, 21 avqust, AZƏRTAC
Gürcüstanın Baş naziri Mamuka Baxtadze avqustun 21-də müqəddəs Qurban bayramı münasibətilə Tbilisidəki məsciddə olub.
AZƏRTAC xəbər verir ki, Baş nazir bütün müsəlmanları müqəddəs bayram münasibətilə təbrik edib, onlara bol ruzi, sağlam həyat və sülh arzulayıb. Qeyd edib ki, Qurban bayramı paklıq, kimsəsizlərə, imkansızlara, ehtiyacı olanlara yardım bayramıdır.
M.Baxtadze Gürcüstan dövlətinin möhkəmlənməsində və inkişafında müsəlman əhalinin rolunu xüsusi vurğulayıb, dövlətin bunu yüksək qiymətləndirdiyini deyib.
Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov da çıxış edərək müsəlmanları müqəddəs bayram münasibətilə təbrik edib, ölkələrimiz arasındakı mehriban dostluq və qardaşlıq əlaqələrindən danışıb, bəzi sahələrdə mövcud olan problemlərin birgə əməkdaşlıq sayəsində aradan qaldırılacağına ümidvar olduğunu bildirib.
Sonra digər çıxış edənlər Baş nazirə minnətdarlıq edib, göstərilən diqqət və qayğını yüksək qiymətləndiriblər. Onlar Gürcüstanda yaşayan azərbaycanlıların və digər müsəlmanların bundan sonra da dövlətin möhkəmlənməsinə və inkişafına xidmət edəcəklərinə əmin olduqlarını bildiriblər.
Sonda Baş nazir din xadimləri ilə görüşüb, onlarla xatirə şəkli çəkdirib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi