MƏDƏNİYYƏT
Qəmər Almaszadə adına II Beynəlxalq rəqs müsabiqəsinın qalibləri mükafatlandırılıblar
Bakı, 27 iyun, AZƏRTAC
İyunun 26-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Qəmər Almaszadə adına II Beynəlxalq rəqs müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi və qala-konserti keçirilib.
AZƏRTAC xəbər verir ki, Mədəniyyət Nazirliyi və Bakı Xoreoqrafiya Akademiyasının birgə təşkilatçılığı ilə keçirilən müsabiqədə ölkəmizlə yanaşı, Türkiyə, ABŞ, Bolqarıstan, İspaniya, İsrail, Qazaxıstan, Rusiya, Ukrayna və Yaponiyadan olan balet ustaları iştirak ediblər.
Klassik rəqs” (solo və duet kateqoriyalarında), “Milli rəqs” (solo, duet və ansambl kateqoriyalarında), “Müasir rəqs” (solo, duet və kollektiv kateqoriyalarında) nominasiyaları üzrə keçirilən müsabiqəyə 16-26 yaşda oğlan və qızlar qatılıblar.
Onların rəqs məharətini və səhnə cazibəsini Rusiyanın Xalq Artisti Vyaçeslav Qordeyev, Azərbaycanın xalq artistləri Rəfiqə Axundova, Roza Cəlilova, Afaq Məlikova, Ukraynanın Xalq Artisti Boris Kolnoquzenko, Bolqarıstan Balet Assosiasiyasının rəhbəri, UNESCO-nun rəqs sənəti milli komitəsinin Bolqarıstan üzrə sədri Silviya Tomova, Estoniyanın əməkdar artisti, UNESCO-nun beynəlxalq rəqs şurasının üzvü Vasili Medvedyev, İsrail Dövlət Baletinin prima balerinası və bədii rəhbəri, Beynəlxalq Xoreoqraflar İttifaqının İsraildən olan daimi üzvü Nina Gerşman, Azərbaycanın və Rusiyanın Əməkdar Artisti Vitali Axundovdan ibarət münsiflər heyəti qiymətləndirib.
Qaliblərə diplom və hədiyyələr təqdim edilib. Birinci yeri Qazaxıstan, İspaniya, Azərbaycan, ikinci yeri ABŞ, Azərbaycan, Ukrayna, üçüncü yerə isə İsrail, Bolqarıstan, Azərbaycan və Ukraynadan olan təmsilçilər qazanıblar.
Müsabiqənin Qran-Pri mükafatına Rusiya təmsilçisi layiq görülüb. Mükafatı qalibə Bakı Xoreoqrafiya Akademiyasının rektoru, Əməkdar Elm Xadimi, professor Timuçin Əfəndiyev təqdim edib.
Tədbir müsabiqə qaliblərinin qala-konserti ilə başa çatıb.