CƏMİYYƏT
Sabunçu rayonunda Azərbaycan Gəncləri Günü qeyd olunub
Bakı, 1 fevral, AZƏRTAC
Sabunçu Rayon İcra Hakimiyyətinin və rayondakı Gənclər evinin təşkilatçılığı ilə 2 fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş II Sabunçu Gənclər Forumu keçirilib.
Gənclər evindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva, tanınmış fəal gənclər, o cümlədən Misirxan Həsənov, Kamil Musavi, Ləman Rəhmanlı, İnqilab Şahbazov, gənclər təşkilatlarının təmsilçiləri iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova tədbirdə çıxış edərək bildirib ki, hər bir gəncin məqsədi ümummilli liderimiz Heydər Əliyevin yolunu izləyərək onun görmək istədiyi kimi yetişib, ölkəmizin inkişafına töhfə verməyə çağırıb.
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov dövlət gənclər siyasətinin uğurlarından danışıb, gənclərin inkişafı üçün ölkəmizdə əlverişli şəraitin yaradıldığını vurğulayıb.
Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva, Sabunçu Gənclər evinin direktoru Rəvanə Həşimova əlamətdar gün münasibətilə gənclərə təbriklərini çatdırıb, ölkəmizdə gənclər sahəsində əldə olunan uğurlardan bəhs ediblər.
Sonra müxtəlif sahələrdə mühüm nailiyyətlər qazanmış gənclər öz uğur hekayələrindən danışıblar.
İştirakçılar “Uğurun əl izi” guşəsini imzalayıblar.
Tədbir əyləncəli proqramla başa çatıb.