MƏDƏNİYYƏT


Yəmənli jurnalist: Azərbaycanın nadir mədəni irsi bəşər sivilizasiyasına töhfədir

Qahirə, 14 iyun, AZƏRTAC

Əlcəzairin “Əl Hərir” portalında yəmənli jurnalist Əbdülhəmid Əl-Kibinin “Azərbaycanın nadir mədəni irsi bəşər sivilizasiyasına töhfədir” sərlövhəli məqaləsi dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkənin beynəlxalq aləmdə tanıdılması istiqamətində gördükləri mühüm işlər sırasında mədəni irsin təbliğinin xüsusi yerə malik olduğu qeyd edilir. Müəllif yazır: “Azərbaycanın nadir mədəni irsi, tarixi və bu ölkəyə gələn turistləri cəlb edən qədim abidələri xalqın çoxəsrlik adət-ənənələrini əks etdirir. Bakı, Naxçıvan, Bərdə, Şamaxı və digər şəhərlərdə bəşər sivilizasiyasına töhfə olan mədəni irs abidələri mövcuddur. Əsası 1936-cı ildə qoyulmuş, ölkənin ən böyük mədəniyyət müəssisələrindən biri olan Azərbaycan Milli İncəsənət Muzeyində qədim və müasir dövrə aid olan 15 mindən çox eksponat nümayiş etdirilir. Buradakı mədəni irs abidələri ən yüksək incəsənət nümunələri sayılır və əcnəbi turistlərdə böyük maraq doğurur”.

Məqalədə dünyada ilk xalça muzeyinin də Bakıda fəaliyyətə başladığı, burada Azərbaycan xalqının nəsildən-nəslə keçən unikal xalçaçılıq ənənələrinin təbliğ edildiyi də vurğulanır. Yəmənli jurnalist qeyd edir ki, Qobustanda olan 6 mindən çox qayaüstü rəsmlər UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib. Bakıya xüsusi gözəllik bəxş edən Heydər Əliyev Mərkəzinin binası isə müasir memarlıq şedevri hesab olunur.

Sonda diqqətə çatdırılır ki, Azərbaycanın yüksək elmi potensialı, mədəniyyət və incəsənət nümunələri qlobal sivilizasiyanın mühüm tərkib hissəsidir.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.