"Muzeyin dostları” Sumqayıtın Tarixi Muzeyində
Sumqayıt, 12 iyun, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıtın Tarixi Muzeyi şəhər Uşaq və Yeniyetmələrin Yaradıcılıq Mərkəzinin təşkilatçılığı ilə ərsəyə gələn "Muzeyin dostları” tədbirində Sumqayıtın ilk qurucuları və ictimaiyyət nümayəndələri iştirak edib.
AZƏRTAC xəbər verir ki, “Hədəf” tədris mərkəzinin müdavimlərinin hazırladığı və muzey materialları əsasında qurumun 50 illik tarixinə həsr edilmiş ədəbi-bədii kompozisiya iştirakçılara təqdim olunub.
Sumqayıt Şəhər Təhsil Şöbəsinin metodik mərkəzinin direktoru Gülbahar Haqverdiyeva, “Hədəf” tədris mərkəzinin direktoru Vüsal Heybətov, Əməkdar Jurnalist Rəhman Orxan, rəssam Nəsibə Şükürova və digərləri Sumqayıtın Tarixi Muzeyinin fəaliyyətinə toxunub, şəhərin tarixində qurumun önəmli rolundan söz açıblar.
Sonra Uşaq və Yeniyetmələrin Yaradıcılıq Mərkəzinin "Təsviri incəsənət” dərnəyi üzvlərinin rəsm işlərindən ibarət sərgi ilə tanışlıq olub.
Sonda "Muzeyin gənc dostları” nominasiyası üzrə fəxri fərman və sertifikatlar təqdim edilib.