ABŞ SƏFİRLİYİ MİNİATÜR KİTAB MUZEYİNƏ HƏDİYYƏLƏR TƏQDİM ETMİŞDİR
Bakı, 2 fevral (AZƏRTAC). Fevralın 2-də ABŞ-ın Azərbaycandakı səfirliyi 40 amerikalı rəssam tərəfindən hazırlanmış qeyri-adi miniatür kitab kolleksiyasını İçərişəhərdə yerləşən Miniatür Kitab Muzeyinə təqdim etmişdir.
Bu münasibətlə keçirilən tədbiri açan Miniatür Kitab Muzeyinin direktoru Zərifə Salahova muzeyin yaradılmasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rolunu xüsusi vurğulamışdır.
Z.Salahova muzeyə təqdim olunan hədiyyələrə görə ABŞ-ın ölkəmizdəki səfirliyinə təşəkkürünü bildirmiş və bu addımın mühüm əhəmiyyətə malik olduğunu qeyd etmişdir.
Tədbirdə iştirak edən ABŞ-ın Bakıdakı səfirliyinin müvəqqəti işlər vəkili Donald Lu muzeyin Azərbaycan mədəniyyətində xüsusi yerə malik olduğunu vurğulamışdır. Bundan əvvəl muzeyi ailəsi ilə birlikdə ziyarət etdiyini deyən diplomat, buradakı sənət əsərlərinin onda dərin təəssürat yaratdığını diqqətə çatdırmışdır.
Amerikalı diplomat, həmçinin bildirmişdir ki, Miniatür Kitab Muzeyi bu əsərlər üçün gözəl evdir. Biz çox məmnunuq ki, dünyanın hər yerindən Azərbaycana gələn kitab və incəsənət vurğunları bu əsərlərlə tanış ola biləcəklər.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı Elmira Axundova muzeyin əhəmiyyətindən danışmış və ona beynəlxalq statusun verilməsini təklif etmişdir.
Xatırladaq ki, muzeyə təqdim edilmiş miniatür əsərlər ABŞ səfirliyinin ötən ilin dekabrında 4-cü Beynəlxalq İncəsənət Biennalesi çərçivəsində Bakıda keçirdiyi sərgidə nümayiş etdirilmişdir.
######
