CƏMİYYƏT
Abşeron yarımadasında bütün heyvanların identifikasiya sistemi və izlənməsi həyata keçiriləcək VİDEO
Bakı, 17 may, AZƏRTAC
“Heyvan mənşəli xəstəliklərdən azad zona”nın yaradılması vacib məsələdir. Pilot layihə çərçivəsində ilk olaraq Abşeron yarımadası “xəstəliklərdən azad zona” elan ediləcək. Layihə gələcəkdə Azərbaycanın bütün bölgələrində tətbiq olunacaq. Qida təhlükəsizliyi göstəriciləri olan səhra laboratoriyaları da “xəstəlikdən azad zona”nın təşkilolunma konseptinin bir hissəsi olacaq.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli kütləvi informasiya vasitələri nümayəndələrinə açıqlamasında deyib.
Q.Təhməzli, həmçinin bildirib: “Xəstəlikdən azad zona” dedikdə həmin zonaların heyvan mənşəli xəstəliklərdən pilot layihə kimi azad olunması nəzərdə tutulur. Pilot ərazi kimi Abşeron yarımadasının seçilməsi təsadüfi deyil. Beynəlxalq ekspertlərlə yerli mütəxəssislərin birgə rəylərinə əsasən, Abşeron yarımadası müvafiq zona seçilib. Çünki orada köçəri heyvanlar az olduğuna görə, xəstəliyin bir yerdən başqa yerə daşınmaması əmsalı daha yüksəkdir. Ona görə də burada bütün heyvanların identifikasiya sistemi və izlənməsi həyata keçiriləcək. Nəticədə ölkəyə idxal olunan və burada doğulan heyvanın ölüm anına kimi keçirdiyi bütün xəstəliklərin qeydiyyatı mümkün olacaq. Bu da heyvan mənşəli məhsullarda - ət və süd məhsullarında təhlükəsizliyin təmin olunmasına imkan yaradacaq”.
Agentliyin sədri bildirib ki, hər mövsümə uyğun qida təhlükəsizliyinin özünün spesifik tədbirlər planı var. Yay mövsümü ilə əlaqədar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi Dövlət Turizm Agentliyi ilə birlikdə istirahət zonalarında tədbirlər planı həyata keçirir. Bu tədbirlərin hamısı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun ekspertləri tərəfindən nəzarətə götürüləcək ki, istehlakçılar sağlam qida ilə təmin olunsunlar.