AÇIQ DƏRSDƏ PALÇIQ VULKANLARINI ÖYRƏNMİŞLƏR
50 il coğrafiya müəllimi işləyən Klara Bağırova dərsi açaraq bildirmişdir ki, Azərbaycanın milli sərvəti olan palçıq vulkanlarının böyük əhəmiyyəti var. Vulkanların püskürdüyü palçıqdan onlarca xəstəliyin müalicəsində də geniş istifadə olunur.
Sonra məktəblilər məruzələrlə çıxış edərək, palçıq vulkanlarının təbiətindən, sayından və müxtəlifliyindən danışmışlar. Qeyd olunmuşdur ki, planetimizdə 800 palçıq vulkanı var ki, onların da 250-si ölkəmizin ərazisindədir.
A. Əliyev şagirdlərin suallarına cavab verərək xatırlatmışdır ki, Azərbaycanın 23 palçıq vulkanı mədəniyyət abidəsi elan olunmuşdur. O demişdir: “Palçıq vulkanları geologiya elminin ən perspektivli istiqamətidir. Ölkəmizin hər bir vətəndaşı onları zibillənməkdən və dağılmaqdan qorumalıdır. Çünki palçıq vulkanları həm də turizm sənayesi obyektləridir və Azərbaycana külli məbləğdə valyuta gətirir”.
Məktəblilər ən mənzərəli palçıq vulkanlarını yeni, 17-ci təbiət qoruğunun tərkibinə daxil etmək xahişi ilə respublika hökumətinə məktub göndərmək qərarına gəlmişlər.
Açıq dərs palçıq vulkanları haqqında elmi-publisistik filmə baxışla başa çatmışdır.