Ağdamda anma mərasimi keçirilmişdir
Ağdam, 20 yanvar (AZƏRTAC). Yanvarın 20-də Ağdam rayonunun girişində yeni inşa olunmuş Şəhidlər abidə kompleksi qarşısında ümumrayon anma mərasimi keçirilmişdir.
Rayon rəhbərliyi, ağsaqqallar, gənclər, ziyalılar, əmək kollektivlərinin nümayəndələri, Ağdam rayonundan və ətraf rayonlardan gəlmiş şəhid ailələrinin üzvləri abidə kompleksi önünə gül-çiçək dəstələri düzmüşlər.
Rayon İcra hakimiyyəti başçısının müavini Rövşən Hüseynov, Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyevin həyat yoldaşı, Milli Məclisin deputatı Flora Qasımova mərasimdə çıxış edərək 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakıda və Azərbaycanın digər rayonlarında törətdikləri qanlı cinayətdən danışmışlar. Qeyd edilmişdir ki, faciədən bir gün sonra özünün və ailəsinin həyatı üçün təhlükələrə baxmayaraq, ümummilli lider Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək doğma xalqının dərdinə şərik çıxmış, Qanlı Yanvar faciəsini törədənləri cəsarətlə lənətləmiş və hadisəyə siyasi-hüquqi qiymət verilməsini tələb etmişdir. Ümummilli liderimiz Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra bu qanlı aksiya öz siyasi-hüquqi qiymətini almış, hadisənin əsl mahiyyəti dünyaya çatdırılmış, Şəhidlər xiyabanında “Əbədi məşəl” abidə kompleksi ucaldılmışdır.
Mərasimdə faciəyə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.
Sonra şəhidlərin ruhuna ehsan süfrəsi açılmışdır.
######
