Ağstafadakı “Karvan-L” EKO sənaye parkında 12 müəssisə fəaliyyət göstərir
Ağstafa, 16 aprel, Famil Quliyev, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yerlərdə investisiya qoyuluşunun cəlb edilməsi, sənaye zonalarının yaradılması və əhalinin məşğulluğunun artırılması barədə tapşırığına uyğun olaraq Ağstafada yaradılan, özündə istehsal və emal müəssisələrini birləşdirən “Karvan-L” EKO sənaye parkı fəaliyyətini uğurla davam etdirir.
AZƏRTAC xəbər verir ki, bu gün sənaye parkında 12 müəssisə fəaliyyət göstərir, bir zavodun inşası isə davam edir. Belə ki, burada polietilen örtüklərin istehsalı, plastik kütlələrin təkrar emalı, xüsusi dəmir konstruksiyalar istehsalı, istismara yararsız avtomobil şinlərinin təkrar emalı, dəmir dam örtüklərinin, şüşə və şüşə konstruksiyaların, plastik qapı-pəncərə və plastik konstruksiyaların, yerli xammaldan bəzək və mozaika daşlarının istehsalı müəssisələri, eləcə də üzvi turşuların istehsalı qurğusu, günəş enerjisi ilə dolan batareyaların istehsalı sahəsi və bioorqanik kənd təsərrüfatı məhsulları yetişdirilən istixana kompleksi fəaliyyət göstərir. Hazırda sənaye parkının layihəsinə uyğun olaraq istehsal gücü sutkada 500 kvadratmetr olan keramika dam örtüklərinin istehsalı zavodunun və sutkada 2000 ədəd şüşə qablar istehsal edən müəssisəsinin tikintisi işləri davam etdirilir.