AĞSUDA YENİ MƏKTƏB BİNALARI QAPILARINI ŞAGİRDLƏRİN ÜZÜNƏ AÇMIŞDIR
AZƏRTAC xəbər verir ki, yeni dərs ili Ağsu rayonunda 7 yeni məktəb binasının təntənəli açılış mərasimləri ilə yaddaqalan olmuşdur.
Sentyabrın 15-də Pirhəsənli, Çiyni və Xəlilli kənd orta məktəblərində yaşanan bayram təntənəsi, ayın 16-da Ağarx, Cəlayir kənd orta təhsil ocaqlarında, habelə Ağsulu və Qaraməmmədli kənd ibtidai məktəblərində, eləcə də əsaslı təmir edilmiş şəhər 1 nömrəli məktəb-liseydə davam etdiriləcəkdir.
Açılış mərasimlərində Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev və Milli Məclisin deputatı Ərəstun Cavadov çıxış edərək Bilik günü münasibətilə müəllim və şagirdləri təbrik etmiş, müasir standartlara cavab verən və lazımi şərait yaradılmış yeni təhsil ocaqlarında onlara uğurlar arzulamışlar. Natiqlər rayonun tarixində və təhsildə bir dərs ilində 7 yeni müasir məktəb binası tikilib istifadəyə verilməsini çox mühüm nailiyyət kimi səciyyələndirmişdir.
Çıxış edənlər, son illər müasir tipli yeni məktəb binalarının tikintisində, təhsil ocaqlarının maddi-texniki bazasının möhkəmləndirilməsində Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın böyük əməyi olduğunu xüsusilə qeyd etmiş, Fondun təşəbbüsü ilə təkcə Ağsuda 3 yeni orta məktəb binası tikilib istifadəyə verildiyini vurğulamışlar.
Yeni məktəblərin hər birinə televizor, DVD hədiyyə edilmişdir. Deputat Ə.Cavadov bu il test imtahanlarında yüksək bal toplayaraq ali məktəblərə qəbul olunan bir neçə aztəminatlı tələbənin təhsil haqqını ödəyəcəyini bildirmişdir.