AHİK-in beynəlxalq səviyyədə nüfuzunun artması Azərbaycan Prezidentinin qayğısı sayəsində mümkün olub
Bakı, 26 avqust, AZƏRTAC
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının indiki səviyyəyə gəlib çatmasında Ulu Öndər Heydər Əliyevin böyük əməyi vardır. AHİK-in beynəlxalq səviyyədə nüfuzunun artması isə Azərbaycan Prezidentinin diqqət və qayğısı sayəsində mümkün olub.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev qurumun avqustun 26-da keçirilən VII qurultayında səsləndirib.
S.Möhbalıyev AHİK-ə rəhbərlik etdiyi ötən dövr ərzində görülmüş işlərdən, qazanılmış nailiyyətlərdən danışıb, həmkarlar ittifaqları üzvlərinin əmək, sosial, iqtisadi hüquqlarının qorunması və müdafiəsi istiqamətində atılan real addımları qeyd edib.
AHİK-in beynəlxalq nüfuzunun xeyli yüksəldiyini diqqətə çatdıran S.Möhbalıyev qurumun səmərəli fəaliyyət göstərdiyini vurğulayıb.
Səttar Möhbalıyev sentyabrın 1-nə təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirakı səbəbindən vaxt məhdudiyyətini nəzərə alaraq, AHİK-in sədri vəzifəsindən istefa verməsi ilə bağlı fikrini qurultay iştirakçılarının diqqətinə çatdırıb.
Qeyd edək ki, Səttar Suliddin oğlu Möhbalıyev Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının sədri vəzifəsini 1993-cü ildən icra edir.