Ailə Məcəlləsində və bəzi qanunlarda Mülki Məcəllənin tələbləri tətbiq olunacaq
Bakı, 18 yanvar, AZƏRTAC
Ailə Məcəlləsində, “Kredit ittifaqları haqqında”, “Tütün və tütün məmulatı haqqında”, “Banklar haqqında” və “Bank olmayan kredit təşkilatları haqqında” qanunlarda dəyişiklik edilməsi təklif olunur.
AZƏRTAC xəbər verir ki, bununla bağlı qanun layihəsi Milli Məclisin Ailə, qadın və uşaq məsələləri üzrə komitəsinin yanvarın 18-də keçirilən iclasının gündəliyinə daxil edilib.
Sənədə əsasən, Ailə Məcəlləsinin 1-ci maddəsinin 32-ci və 105-ci bəndində “idarələrinə” sözü “təşkilatlarına” sözü ilə əvəz edilir.
Digər dəyişikliyə görə, “Kredit ittifaqları haqqında” qanunun 4-cü maddəsinin 1.2-ci bəndinə “nizamnamədə” sözündən əvvəl “Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələbləri nəzərə alınmaqla” sözləri əlavə edilir. 10-cu maddənin 1.3-cü bəndində isə “nizamnaməsində və digər normativ sənədlərdə” sözləri “Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələbləri nəzərə alınmaqla nizamnaməsində” sözləri ilə əvəz edilir. Həmin maddənin 2.4-cü bəndinə isə “müqavilə şərtlərinə” sözlərindən əvvəl “Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələbləri nəzərə alınmaqla” sözləri əlavə edilir.