Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Göyçayda vətəndaşları qəbul edib
Göyçay, 1 mart, AZƏRTAC
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova martın 1-də Göyçayda vətəndaşların qəbulunu keçirib. Qəbulda Göyçay, Ağdaş, Kürdəmir, Ucar və Zərdab rayonundan olan sakinlər iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, komitənin müvafiq struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə Heydər Əliyev Mərkəzində keçirilən qəbulda müraciətlər əsasən sağlamlıq imkanları məhdud uşaqların müalicəsi, erkən nikah və boşanmalardan yaranan problemlər, imkansız ailələrin təminatı, övladlığa verilmə, uşaq hüquqlarının müdafiəsi, məişət zorakılığına məruz qalma və digər məsələlərlə əlaqədar olub.
Komitə sədri Hicran Hüseynova hər bir müraciəti diqqətlə dinləyib, bir sıra müraciətlərin həlli ilə bağlı konkret tapşırıqlar verib. Bəzi müraciətlər araşdırılmaq üçün qeydiyyata alınıb.
Sonda Komitə sədri Hicran Hüseynova rayonun bir qrup fəal qadını ilə görüşüb.