AKADEMİK İSA HƏBİBBƏYLİNİN 60 İLLİK YUBİLEYİNƏ HƏSR EDİLMİŞ TƏDBİR KEÇİRİLMİŞDİR
Bakı, 11 noyabr (AZƏRTAC). Noyabrın 11-də Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Naxçıvan Dövlət Universitetinin rektoru, tanınmış alim və pedaqoq, filologiya elmləri doktoru, əməkdar elm xadimi, Milli Məclisin deputatı, akademik İsa Həbibbəylinin 60 illik yubileyinə həsr edilmiş tədbir keçirilmişdir.
AMEA-nın prezidenti, akademik Mahmud Kərimov çıxış edərək İ.Həbibbəylinin səmərəli elmi və pedaqoji, ictimai fəaliyyətindən danışmış, yubilyara yeni nailiyyətlər arzulamışdır.
Azərbaycan Milli Elmlər Akademiyası N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik Bəkir Nəbiyev, akademiklər Ağamusa Axundov, Asəf Nadirov, Milli Məclisin deputatı Elmira Axundova alimin mənalı ömür yolundan, geniş elmi yaradıcılığından, ədəbiyyatşünaslıq elminə və təhsilə verdiyi töhfələrdən bəhs etmişlər.
İsa Həbibbəyli 1967-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Naxçıvan filialının Azərbaycan dili və ədəbiyyat fakültəsinə daxil olmuş və təhsildə öz fəallığı ilə fərqlənmişdir.
1996-cı ildə İ.Həbibbəyli “Cəlil Məmmədquluzadə: mühiti və müasirləri” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək filologiya elmləri doktoru alimlik dərəcəsi almışdır. 2003-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir. Alim 60-dan çox kitabın, elmi əsərin, 400-dən artıq məqalənin müəllifidir. Onun əsərlərinin və məqalələrinin xeyli hissəsi xaricdə nəşr olunmuşdur.
Akademik İ.Həbibbəyli Türkiyə, Böyük Britaniya, Misir Ərəb Respublikası, Amerika Birləşmiş Ştatları, Fransa, Almaniya, Pakistan İran, İraq və digər ölkələrdə keçirilən beynəlxalq konfranslarda müxtəlif mövzularda məruzələr etmişdir.
Alim yüksək dövlət mükafatı - “Şərəf” ordeni ilə təltif edilmişdir.
Digər çıxış edənlər də İ.Həbibbəylini təbrik etmiş, ona xoş arzularını söyləmişlər.
Akademik İsa Həbibbəyli ölkəmizdə elmə, təhsilə göstərilən böyük diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını bildirmişdir.
######
![]() |
![]() |
![]() |
![]() |



