Akademik Şahin Mustafayev “Nomqon-2023” arxeoloji ekspedisiyasının nəticələri ilə tanış olub
Bakı, 10 avqust, AZƏRTAC
Monqolustanda səfərdə olan Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev Arxanqay vadisində aparılan “Nomqon-2023” elmi arxeoloji ekspedisiyasının nəticələri ilə tanış olub.
Bu barədə AZƏRTAC-a Beynəlxalq Türk Akademiyasından məlumat verilib. Bildirilib ki, ötən il Nomqon düzündə Beynəlxalq Türk Akademiyası və Monqolustan Elmlər Akademiyasının birgə apardığı elmi arxeoloji ekspedisiya nəticəsində Kutluk İlteriş Kağana həsr olunmuş kompleks aşkar edilib. Abidə kompleksi bütün xüsusiyyətlərinə görə Bilge Kağan və Kültegin abidələrinə bənzəyir. Bundan əvvəl Beynəlxalq Türk Akademiyası Monqolustanda Şiveet-ulan abidəsində arxeoloji qazıntılar aparıb, 2016-cı ildə vadiyə xüsusi ekspedisiya təşkil edib. Kutluk xanları dövründə tikilmiş mərasim kompleksində abidə daşı və müxtəlif əşyalar aşkarlanaraq onların tarixləri müəyyən edilib. Mərasim kompleksi 2018-ci ildə hasara alınıb və mühafizə olunub. Bu işlərin davamı olaraq 2019-cu ildə Nomqon qazıntılarına başlanılıb. Bu il aparılan qazıntılar nəticəsində Türk xaqanlığı dövrünə aid mühüm tapıntılar aşkar edilib.
Şahin Mustafayev, həmçinin Nomqon kompleksindən 80 kilometr aralıda yerləşən Ötüken düzündə Kültegin və Bilgə Kağan kompleksləri ilə tanış olub, məşhur Karakorim şəhərinin yerləşdiyi yerə baş çəkib.