“AKADEMİYA” KİTAB MƏRKƏZİNDƏ “MÜƏLLİF GÜNÜ” KEÇİRİLMİŞDİR
Bakı, 26 sentyabr (AZƏRTAC). Sentyabrın 26-da Azərbaycan Milli Elmlər Akademiyasının “Akademiya” Kitab Mərkəzində “Müəllif günü” keçirilmişdir.
“Müəllif günü”nün növbəti qonaqları Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, xaql yazıçısı Anar və Günel Anarqızı olmuşlar.
Tədbir çərçivəsində hər iki müəllifin bir kitabda toplanmış əsərlərinin təqdimatı keçirilmişdir.
“Nurlan” nəşriyyatında çap edilmiş yeni kitabda Anarın “Ağ liman”, “Beşmərtəbəli evin altıncı mərtəbəsi” və Günel Anarqızının “Altıncı” əsərləri yer almışdır.
“Müəllif günü”ndə AYB-in katibi Rəşad Məcid, Milli Məclisin deputatları Elmira Axundova, Sabir Rüstəmxanlı və başqaları oxucularla yazıçılar arasında əlaqələrin möhkəmləndirilməsində mühüm əhəmiyyət kəsb edən bu ənənəni yüksək qiymətləndirmişlər.
Bildirilmişdir ki, Anar müasir bədii-fəlsəfi, ictimai-siyasi və elmi-mədəni fikrimizin ən tanınmış və nüfuzlu nümayəndələrindəndir. XX əsr Azərbaycan ədəbiyyatının məşhur nümayəndələrindən olan xalq şairləri Rəsul Rzanın və Nigar Rəfibəylinin ailəsində doğulub boya-başa çatmış Anar çox istedadlı yazıçı, əsl ziyalı və ləyaqətli vətəndaşdır. Ötən əsrin 60-cı illərində bədii yaradıcılığa başlayan yazıçı bu gün ədəbiyyatımızda öz yeri olan “Altmışıncılar”ın ən qüdrətli nümayəndələrindən biridir.
Vurğulanmışdır ki, yazıçı Anar milli olduğu qədər də bəşəridir. Çünki onun qaldırdığı mənəvi-əxlaqi və fəlsəfi problemlər bütün dünya üçün böyük əhəmiyyət kəsb edir. Anarın əsərlərinin fəlsəfi gücü çox böyükdür. Həyat və ölüm, xeyirxahlıq, insanpərvərlik, səmimi insani hisslər onun yaradıcılığının leytmotivini təşkil edir.
Natiqlər demişlər ki, Anarın 1965-ci ildə yazılmış “Ağ liman” povesti və onun davamı kimi 1974-1978-ci illərdə qələmə aldığı “Beşmərtəbəli evin altıncı mərtəbəsi” romanı Azərbaycan nəsrində ziyalılarımızın düşüncə, duyğu, qayğı və məhəbbətinin kəşməkəşli yollarını əks etdirən ən məşhur əsərlərdir. Günel Anarqızının 2004-cü ildə yazdığı “Altıncı” povesti bir növ bu iki əsərin davamı kimi görünsə də, onun mövzusu tamamilə yeni, gözlənilməz və özünəməxsusluğu ilə fərqlənir.
Sonda tədbirin iştirakçılarına minnətdarlıqlarını bildirən Anar və Günel Anarqızı yenicə işıq üzü görmüş kitabı avtoqrafla oxuculara təklif etmişlər.
######
![]() |
![]() |

