Almaniya Futbol İttifaqı yeni prezidentini seçib
Bakı, 16 aprel, AZƏRTAC
Raynhard Qrindel Almaniya Futbol İttifaqının (DFB) yeni prezidenti seçilib.
AZƏRTAC xəbər verir ki, seçki DFB-nin İcraiyyə Komitəsinin növbədənkənar yığıncağında baş tutub. Qrindel alternativsiz və yekdilliklə bu vəzifəyə layiq görülüb. Əvvəllər qurumun xəzinədarı vəzifəsində çalışmiş 54 yaşlı yeni prezident bu posta əvvəlki rəhbər Volfqanq Nirsbaxı əvəzləyib. Nirsbax isə 2015-ci ilin noyabrında qalmaqallardan və FİFA məmurları ilə korrupsiya əlaqələrinə dair ittihamlardan sonra istefa verib.
R. Qrindel bildirib ki, yeni fəaliyyətində başlıca məqsədi həvəskar və peşəkar futbolda maraqları birləşdirmək və eləcə də Almaniya futbolunun mövqelərini ölkə xaricində də təbliğatının gücləndirməkdən ibarət olacaq.
Məlumat üçün qeyd edək ki, Almaniya millisi həm də 2018-ci il dünya çempionatının seçmə mərhələsində Azərbaycan milli ilə eyni qrupda yer alıb.