Almaniya millisi Azərbaycana gələcək heyətini açıqlayıb
Bakı, 21 aprel, AZƏRTAC
17 yaşadək futbolçular arasında Avropa çempionatının Azərbaycanda keçiriləcək final mərhələsinin iştirakçısı Almaniya heyətini açıqlayıb.
AZƏRTAC “DFB”-nin (Almaniya Futbol İttifaqı) rəsmi saytına istinadla xəbər verir ki, baş məşqçi Maykel Şönvayts Almaniya milli komandasının Bakıya gələcək 18 futbolçusunu müəyyənləşdirib. Bunlardan ikisi qapıçı, səkkizi müdafiəçi, altısı yarımmüdafiəçi, ikisi hücumçudur. Azərbaycan millisinin sabiq futbolçusu Renat Dadaşov və Almaniya yığmasının kapitanı olan türk əsilli futbolçu Atakan Akkaynak da “18-lik”də yer alıb. Baş məşqçi Maykel Şönvayts 14 oyunçudan ibarət ehtiyat heyət də çağırıb.
Qapıçılar: Yan Kristof Bartel, Lennart Qril (hər ikisi “Mayns”)
Müdafiəçilər: Alfons Amade (“Hoffenhaym”), Tom Bak (“Bohum”), Florian Bak (“Herta”), Yan-Niklas Bert (“Borussiya” D), Mika Hanrat (“Fortuna”), David-Cerom İtter, Can-Luka İtter (hər ikisi “Volfsburq”), Sven Sonnenberq (“Köln”)
Yarımmüdafiəçilər: Atakan Akkaynak, Kay Haverts (hər ikisi “Bayer” L), Yano Baksman (“Verder”), Yannis Kubler (“Karlsrue”), Arne Mayer (“Herta”), Sem Frank Şrek (“Sankt-Pauli”)
Hücumçular: Renat Dadaşov (“Leypsiq”), Yari Otto (“Volfsburq)
Ehtiyat oyunçular: Ali Ferati, David Qrozinqer (hər ikisi “Ştutqart”), David Niland (“Volfsburq”), Nik Förster (“Ayntraxt” F), Ron Torben Hoffman, Timoti Tilman (hər ikisi “Bavariya”), Florian Kruqer, Timon Veyner (hər ikisi “Şalke”), Kinton Mayna (“Hannover”), Bennet Şauer (“Hamburq”), Killan Senkbeyl, Tim Şüler (hər ikisi “Leypsiq”), Jülien Şvermann, Dominik Vanner (hər ikisi “Borussiya” D)
Bakıda keçiriləcək Avropa çempionatınadək keçən seçmə mərhələni xatırladan Almaniya millisinin baş məşqçisi Maykel Şönvayts bildirib ki, qrup matçlarında məğlub olmadan final mərhələsinə vəsiqə alıblar: “Bakıda keçiriləcək yüksək səviyyəli mötəbər turnirdə özlərini tanıtmaq baxımından gənc futbolçularım üçün gözəl bir fürsətdir. Hədəfimiz maksimal şəkildə futbolçu potensialından istifadə edib Avropa çempionatını qazanmaqdır. Məhz bu niyyətlə beynəlxalq yarışa yollanırıq.
Məlumat üçün qeyd edək ki, “Bundesteam” mayın 5-də qrupdakı ilk oyununu Ukrayna ilə, mayın 8-də Bosniya və Herseqovina və son qrup duelini Avstriya yığmasına qarşı keçirəcək.