Altı ayda Oğuzda 12,4 milyon manatlıq sənaye məhsulu istehsal olunub
Oğuz, 15 avqust, Mustafa Dadaşov, AZƏRTAC
Cari ilin yanvar-iyun aylarında Oğuz rayonunda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 12 milyon 393,5 min manatlıq məhsul istehsal edilib və sənaye xidmətləri göstərilib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Oğuz Rayon Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, Oğuz rayonunun sənayesi əsasən emal, su təchizatı, tullantıların təmizlənməsi və emalı, həmçinin elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrini əhatə edir. Hazırda rayonda 10 sənaye müəssisəsi fəaliyyət göstərir.
Hesabat dövründə emal sənayesi üzrə istehsal edilən malların və göstərilmiş xidmətlərin həcmi 9 milyon 133,8 min manat, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsi üzrə 2 milyon 955,6 min manat, su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsi üzrə isə 304,1 min manat təşkil edib. İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib. Əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla, sənaye müəssisələrinin anbarlarında iyulun 1-i vəziyyətinə 1milyon 42 min manatlıq hazır məhsul olub.