Altı ayda Qaxda əsas kapitala 6,3 milyon manata yaxın investisiya yönəldilib
Qax, 26 iyul, Mustafa Dadaşov, AZƏRTAC
Cari ilin yanvar-iyun aylarında Qax rayonunda bütün maliyyə mənbələri hesabına əsas kapitala 6 milyon 294,8 min manatlıq investisiya yönəldilib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 719,5 min manat və ya 12,9 faiz çoxdur. İnvestisiyanın 6 milyon 227,6 min manatı tikinti-quraşdırma işlərinə sərf olunub.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qax Rayon Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, müddət ərzində istifadə olunmuş vəsaitin 5 milyon 462 min manatı dövlət, 832,8 min manatı isə qeyri-dövlət mülkiyyətinə yönəldilib. Tikinti-quraşdırma işlərinə yönəldilən vəsaitin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 24,4 faiz artıb. İlin birinci yarısında əhalinin şəxsi vəsaiti ilə 702 min manatlıq tikinti-quraşdırma işləri görülüb. Altı ayda rayonda 1 milyon 145 min manat dəyərində əsas fondlar istifadəyə verilib.