“AMEA-nın xəbərləri” jurnalı müasir tələblərə uyğunlaşdırılıb
Bakı, 1 fevral, AZƏRTAC
Martın 1-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya və Geofizika İnstitutunda Yer Elmləri Bölməsinin ümumi yığıncağı keçirilib.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, əvvəlcə bölmənin akademik-katibi, akademik Fəxrəddin Qədirov gündəlikdəki məsələləri diqqətə çatdırıb.
İclasda AMEA-nın Yer Elmləri Bölməsinin 2018-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında AMEA Rəyasət Heyətinin qərarına əsasən “AMEA-nın xəbərləri” (Yer elmləri seriyası) jurnalının nəşrinin təkmilləşdirilməsi və “Web of Science”, “Scopus” elmi bazalarına daxil edilməsi istiqamətində görülən işlər müzakirə olunub.
F.Qədirov bildirib ki, jurnalın bugünkü vəziyyəti araşdırılıb, dünyada elmi jurnallara qoyulan tələblər müəyyənləşdirilib, müqayisəli təhlillər aparılıb və nəşr müasir tələblərə uyğunlaşdırılıb.
Geologiya və Geofizika İnstitutunun şöbə müdiri, jurnalın baş redaktorunun müavini Qulam Babayev jurnalın adının “ANAS Transactions Earth Sciense” olaraq dəyişilməsinin məqsədəuyğun olduğunu qeyd edib. O bildirib ki, jurnal artıq “Web of Science” və “Scopus” elmi bazalarına daxil edilib. Alim jurnalda geologiya, geofizika, coğrafiya, həmçinin neft və qaz yataqlarının işlənilməsi sahəsində orijinal nəzəri və eksperimental tədqiqatların nəticələrini əks etdirən məqalələrin dərc olunacağını vurğulayıb.
Q.Babayev jurnalın beynəlxalq standartlara uyğunlaşdırılmasından, redaksiya heyətindən və çap olunacaq məqalələr üçün müəyyən olunan tələblərdən danışıb. Diqqətə çatdırıb ki, jurnal haqqında ətraflı məlumatı “http://journalesgia.com/az” saytından öyrənmək olar.
Daha sonra yığıncaqda təklif və tövsiyələr səsləndirilib, müzakirələr aparılıb, aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.
Sonda bir sıra cari məsələlərə baxılıb.