Amerikalı jurnalistlər Qubada ermənilərin törətdikləri soyqırımı haqqında məlumatlandırılıblar
Quba, 3 avqust, Elxan Yusifli, AZƏRTAC
Azərbaycanda səfərdə olan bir qrup amerikalı jurnalist və media eksperti avqustun 3-də Qubada dağ yəhudilərinin yığcam şəkildə məskunlaşdığı Qırmızı Qəsəbə və Quba Soyqırımı Memorial Kompleksində olublar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin xətti ilə ölkəmizə gələn amerikalı jurnalistlər Qırmızı Qəsəbədəki sinaqoqlar və Ümumdünya Dağ Yəhudilərinin Tarix-Etnoqrafiya Muzeyi ilə tanış olublar.
Qonaqların diqqətinə çatdırılıb ki, Qırmızı Qəsəbə dünyada İsraildən sonra yəhudilərin ən yığcam yaşadıqları nadir məkandır. “Qafqazın Yerusəlimi” adlandırılan qəsəbədə məskunlaşan yəhudilər uzun illərdir öz adət-ənənələrini yaşadırlar. Burada yəhudilərin dini icması və milli mədəniyyət mərkəzi fəaliyyət göstərir.
Dağ yəhudilərinin Qubada məskunlaşmaları XVIII əsrin ortalarına təsadüf edir. Fətəli xanın Quba xanlığına rəhbərlik etdiyi dövrlərdə ətraf ərazilərdə yaşayan yəhudilər buraya köçməyə başlayıblar. Həmin vaxt salınan yəhudi məhəllələrində 10-dan çox sinaqoq inşa olunub. Uzun illərdir buradakı yəhudilər azərbaycanlılarla birlikdə sülh və əmin-amanlıq şəraitində yaşayırlar.
Quba Soyqırımı Memorial Kompleksini ziyarət zamanı amerikalı jurnalist və media ekspertləri ermənilərin törətdikləri soyqırımı haqqında ətraflı məlumatlandırılıb.
Bildirilib ki, Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Quba Soyqırımı Memorial Kompleksi 2013-cü il sentyabrın 18-də açılıb. Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkarlanıb. Bundan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı nəticəsində yarandığı müəyyən edilib.