CƏMİYYƏT
Amin Məmmədov: Ermənistan ərazisində aparılan mədən fəaliyyəti barəsində Azərbaycanın razılığı alınmalıdır
Bakı, 25 avqust, AZƏRTAC
Ermənistanda bu gün heç bir ekoloji norma və standartlar gözlənilmədən aparılan dağ-mədən sənayesi işlərində ətraf mühitə ciddi zərər vurulur, ekoloji fəsadlar yaranır. Bu barədə Ermənistan mətbuatlarında çoxlu neqativ məlumatlar verilir. Ermənistanda mədən sənayesinə yatırılan investisiyanın həcmi artsa da, bu proses ekoloji vəziyyətin sürətli şəkildə məhvi ilə müşayiət olunur. Mədən sənayesində davam edən fəaliyyət region ölkələrinin ekoloji durumuna təsirsiz ötüşmür. Mədənlərin bir çoxunun su mənbələrinin yaxınlığında yerləşməsi ətraf mühit üçün zərərli hesab edilən kimyəvi tullantıların çaylara axıdılmasına gətirib çıxarır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Ermənistan ərazisindəki hasilat mədənlərinin kosmik monitorinqinə dair "Environmental Protection First" QHT koalisiyasının hesabatı zamanı "Sudan İstifadə Sahəsində Mütəxəssislər" İctimai Birliyinin sədri Amin Məmmədov söyləyib.
O qeyd edib ki, transsərhəd su axınları hesabına Azərbaycanın yerüstü su ehtiyatlarının təxminən 70 faizi qonşu ölkələrdə formalaşıb. Ermənistan coğrafi baxımdan Azərbaycandan keçən çayların hövzəsində yerləşdiyinə görə onun ərazisində həyata keçirilən mədən sənayesi üzrə hər hansı bir tədbir mütləq ekoloji baxımdan ölkəmizə təsir edir. Ermənistan “Espoo” konvensiyasının üzvü kimi ölkə ərazisində aparılan mədən fəaliyyəti barədə məsləhətləşməli və bir çox hallarda Azərbaycanın razılığını almalıdır. Razılıq əldə ediləndən sonra hansısa fəaliyyəti həyata keçirilməlidir".