Anatoli Banişevskinin xatirəsi yad olunub
Bakı, 23 fevral, AZƏRTAC
Fevralın 23-ü Azərbaycan futbolunun istedadlı nümayəndələrindən biri, uzun illər “Neftçi” komandasının heyətində oynamış, SSRİ yığmasında çıxış etmiş, dövrünün ən güclü futbolçularından olan Anatoli Banişevskinin doğum günüdür.
AZƏRTAC xəbər verir ki, anadan olmasının 70-ci ildönümündə AFFA-nın və “Neftçi” peşəkar futbol klubunun rəhbərliyi, veteran futbolçular, futbol ictimaiyyətinin nümayəndələri A.Banişevskinin məzarını ziyarət edib, qəbirüstü abidəsinin önünə əklillər və gül dəstələri qoyublar.
AFFA-nın baş katibi Elxan Məmmədov və “Neftçi”nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev çıxış edərək, A.Banişevskinin Azərbaycan futbolunun inkişafındakı xidmətlərindən danışıblar.
AFFA-nın İcraiyyə Komitəsinin üzvü İskəndər Cavadov və Çingiz İsmayılov mərhum futbolçu ilə bağlı xatirələrini bölüşüblər.
A.Banişevskinin ailəsi adından həyat yoldaşı çıxış edərək, göstərilən diqqətə görə minnətdarlığını bildirib.