Aprelin 7-də Bakıda “AİTF-2016” sərgisi açılacaq
Bakı, 6 aprel, AZƏRTAC
Aprelin 7-də Bakı Ekspo Mərkəzində turizm biznesinin peşəkarları üçün nəzərdə tutulmuş aparıcı tədbir olan 15-ci Azərbaycan Beynəlxalq “Turizm və Səyahətlər” (AITF-2016) sərgisi öz qapılarını ziyarətçilərin üzünə açacaq.
Keçirildiyi illər ərzində “AITF” sərgisi bütövlükdə Xəzəryanı regionda mühüm tədbirlərin təşkil olunduğu, tərəfdaşlıq müqavilələrinin imzalandığı, habelə yeni proqram və istiqamətlərin elan edildiyi əsas turizm tədbirinə çevrilərək bu sənaye sahəsinin qovşağı (“hab”) statusunu qazanıb.
AZƏRTAC xəbər verir ki, bu sözləri mətbuata açıqlamasında Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsinin planlaşdırma və inkişaf sektorunun müdiri Mahir Qəhrəmanov deyib. M.Qəhrəmanov bildirib ki, dövlət başçısı tərəfindən həm turizmə, həm də “AITF” sərgisinə göstərilən xüsusi diqqət turizm sahəsinin biznes əlaqələrinin inkişafına əlavə təkan verir.
Qeyd edilib ki, ənənəvi olaraq, Azərbaycan Turizm Assosiasiyasının (“AZTA”) stendində Azərbaycanın turizm şirkətləri, otel və sanatoriyaların təklifləri ilə tanışlıq mümkün olacaq. Mədəniyyət və Turizm Nazirliyinin stendi və ölkə regionlarının ənənəvi ekspozisiyaları çərçivəsində isə Azərbaycanın daxili turizm potensialı bütün çalarları ilə təqdim ediləcək. Diqqətə çatdırılıb ki, yaz sərgi mövsümünün ilk tədbiri olan “AITF” sərgisi turizm sahəsi üzrə danışıq və görüşlər, eləcə də fikir mübadilələri və təkliflər üçün mərkəzi platformaya çevriləcək. Burada sərgi iştirakçıları turizm sektorunun müxtəlif istiqamətləri üzrə eksklüziv təkliflər səsləndirəcəklər. Tədbir iştirakçıları arasında turizm şirkətləri, aviaşirkətlər, milli və regional turizm təşkilatları, otel şəbəkələri, xaricdə daşınmaz əmlak agentlikləri, sanatoriyalar, pansionatlar, müalicə-sağlamlıq və SPA mərkəzləri, o cümlədən idman və ekoloji turizm obyektləri yer alacaqdır. Bu il yerli və xarici tibb mərkəzləri, sağlamlıq ocaqları və sanatoriyalar tərəfindən təqdim ediləcək “Tibbi və sağlamlıq turizmi” sektoruna olan diqqət də artmaqdadır. Həmçinin, son illər ərzində “AITF” sərgisi Azərbaycan vətəndaşları arasında populyar kurort zonalarında daşınmaz əmlaka artan tələbatı əks etdirən “Xaricdə daşınmaz əmlak” sektorunu fəal şəkildə inkişaf etdirir. Şöbə müdiri onu da bildirib ki, ilk dəfə sərgi çərçivəsində eksponentlərə sərginin işgüzar və yaradıcı ab-havasından maksimum faydalanmağa imkan yaradan “workshop” təşkil olunacaq. Eksponentlər “workshop” çərçivəsində vasitəçilər olmadan, birbaşa danışıqlar apararaq əvvəlcədən planlaşdırılan görüşlər zamanı aparıcı yerli turizm şirkətlərinin nümayəndələri ilə işgüzar əlaqələr qurmaq imkanlarından faydalana biləcəklər.
Sərginin təşkilatçısı olan “Iteca Caspian” şirkətinin direktoru Fərid Məmmədov çıxış edərək sərginin müsbət dinamik inkişafı, eləcə də onun ölkənin turizm sektorunda oynadığı xüsusi roldan, son illər sərginin həm iştırakçılarının, həm də ekspozisiyaların sayının artmasından söz açıb.
Çıxışlarda vurğulanıb ki, bu sərgi danışıqlar üçün etibarlı platforma olmaqla yanaşı, dünya təcrübəsinin öyrənilməsinə və səmərəli əlaqələrin qurulmasına da kömək edəcək. “AITF” sərgisinin yubileyi ilə əlaqədar təşkilatçılar tərəfindən eksponent və ziyarətçilərin də iştirak edəcəkləri əlavə tədbirlərdən ibarət maraqlı yubiley proqramı planlaşdırılıb. Bu yubiley proqramı iştirakçı və ziyarətçilərin yaddaşlarında Bakıda keçirilən sərgilər xüsusunda xoş və parlaq iz buraxacaqdır.
Qeyd edək ki, “AITF” sərgisi aprelin 7-dən 9-dək yalnız turizm peşəkarları, aprel 9-da isə bütün ziyarətçilər üçün açıq olacaq.