Aqrar sığortaya həsr olunmuş onlayn beynəlxalq konfrans keçrilib
Bakı, 6 oktyabr, AZƏRTAC
Dünyanın aqrar sığorta sahəsində ixtisaslaşmış məşhur “Agro insurence” resursunun təşkilatçılığı ilə dünyada aqrar sığortanın inkişafı və yeni meyillərə həsr edilmiş onlayn konfrans keçirilib. Konfransın məqsədi Avropa və Asiyanın aqrar sığorta bazarlarının iştiarkçıları arasında dialoqu fəallaşdırmaq, aqrar sığorta sahəsində, o cümlədlən inkişaf edən bazarlarla bağlı aktual məsələlərin müzakirəsidir.
Azərbaycanda yeni fəaliyyətə başlayan Aqrar Sığorta Fondu da ilk dəfə olaraq bu beynəlxalq tədbirə dəvət alıb. Konfransda Azərbaycanı Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədr müavini Firdovsi Ağaşirinov təmsil edib.
Fonddan AZƏRTAC-a bildiriblər ki, Firdovsi Ağaşirinov tədbirdə “Azərbaycanda aqrar sığortanın inkişafı: İmkanlar və perspektivlər” mövzusunda təqdimatla çıxış edib. Təqdimatda ölkədə aqrar sığortanın tətbiqi, sığorta şərtləri, prinsipləri, əhatə etdiyi risklər, predmetlər və gözlənilən dəyişikliklər barədə geniş məlumat verilib.
Konfransda Avropa və Asiyanın aqrar sığorta bazarları təhlil edilib, inkişaf etməkdə olan bazarlardakı imkanlar və problemlər açıqlanıb.
Tədbirdə Türkiyə, Almaniya, Polşa, Qətər, İsveçrə, Fransa, Gürcüstan, Ukrayna, Rusiya, Avstraliya və digər sığorta və təkrar sığorta şirkətləri, sığorta vasitəçiləri, brokerlər, eləcə də müxtəlif ölkələrin hökumət və rəsmi qurumlarının nümayəndələri iştirak ediblər. Həmçinin banklar və lizinq şirkətləri, fermerlər üçün avadanlıq istehsal edən şirkətlərin təmsilçiləri də qatılıblar.
Onlayn konfransda iqlim dəyişikliklərinin kənd təsərrüfatı istehsalına təsiri, aqrar sahənin ehtiycaları baxımından iqlim müşahidələri, quraqlıq riski və ondan sığorta, indeks əsaslı aqrar sığorta, eləcə də aqrar sığorta sahəsində Hindistan, Filipin və Gürcüstan təcrübələri barədə təqdimatlar olub.
Tədbirdə örüşlərin sığortası, aqrar sığortada itkilərinin optimallaşdırılması və sahələrin monitorinqi üçün rəqəmsal alətlərdən istifadə, bu sahədə İsveçrə təcrübəsi ilə bağlı təqdimatlar keçirilib.