Araz və Kür çaylarında keçirilən növbəti monitorinqin nəticələri açıqlanmışdır
Bakı, 22 dekabr (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin, onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədi ilə dekabr ayının II ongünlüyü üçün növbəti monitorinq həyata keçirmişdir.
ETSN-dən AZƏRTAC-a verilən məlumata görə, dekabr ayının II ongünlüyündə Kür çayında suyun sərfi dekabr ayının I ongünlüyünə nisbətən 4 kubmetr/saniyə artaraq 106 kubmetr/saniyə təşkil etmişdir.
Monitorinqin nəticələrinə əsasən, Kür çayında Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olmuşdur. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) keçmişdir.
Belə ki, Şıxlı-2 məntəqəsində fenollar və mis birləşmələri 4, Ağstafaçay məntəqəsində fenollar 2, mis birləşmələri 3, Ağstafaçay su anbarında isə fenollar 3, mis birləşmələri 4 dəfə YVQH-ni keçmişdir.
Ermənistan ilə transsərhəd olan Araz çayında suyun sərfi 40,4 kubmetr/saniyə olmuşdur. Belə ki, Horadiz məntəqəsində fenollar 4, mis birləşmələri 3, I Şahsevən məntəqəsində fenollar 3, mis birləşmələri 2, Bəhramtəpə məntəqəsində fenollar 2, mis birləşmələri 4 dəfə normadan artıq olmuşdur.
Suyun oksigen rejimi bütün məntəqələrdə sanitar norma daxilində dəyişmişdir.