“ARŞIN MAL ALAN”IN ÇİN DİLİNDƏ DİSKLƏRİ MUZEYƏ VERİLMİŞDİR
Üzeyir Hacıbəyovun ev-muzeyindən AZƏRTAC-a bildirmişlər ki, eksponatlar sırasına biri də əlavə olunmuşdur. Çin Xalq Respublikasından muzeyə disklər gətirilmişdir. Bu disklər böyük Üzeyir Hacıbəyovun “Arşın mal alan” əsərinin çin dilində işıq üzü görən variantıdır.
Azərbaycanın Çindəki səfirliyinin dəstəyi ilə ərsəyə gələn musiqi diskində Çin sənətkarı Quanq Siinin 1959-cu ildə baş rolda oynadığı tamaşanın səsli variantı yer almışdır. İki diskdən ibarət musiqi albomunun üzərində vaxtilə “Arşın mal alan” musiqili komediyasının mahir ifaçısı Rəşid Behbudovun da şəkli verilmişdir. Məhz çinli tamaşaçıların bu əsərlə ilk tanışlığı da Rəşid Behbudovun 1952-ci ildə bu ölkəyə qastrol səfərində baş tutmuşdur.
“Arşın mal alan” Çinin 13 şəhərində səhnələşdirilmişdir. Diskdə yer alan bu tamaşanın səhnəyə qoyulmasından 50 il ötür. Gələn il muzey bu münasibətlə tədbir keçirəcək və məşhur çinli ifaçı Quanq Siin də ölkəmizə dəvət olunacaqdır.
Tamaşanın çin dilində olan partiturasının da həmin ölkədən muzeyə gətirilməsi istiqamətində danışıqlar aparılır.
Xatırladaq ki, “Arşın mal alan” tamaşası bu günə qədər bolqar, türk, rus, ingilis və Ukrayna dillərində də səhnələşdirilmişdir.